“Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub.
Axşam.az-ın məlumatına görə, “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.
Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva "Milan Expo 2015" sərgisinin ərazisinə gəliblər.
"Milan Expo 2015"də Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Ümumilikdə pavilyonda hazırlıq və tikinti işləri 18 ay ərzində davam edib. Azərbaycan milli pavilyonu üzrə təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən aparılıb. Ümumi sahəsi 1800 kvadratmetr olan dördmərtəbəli milli pavilyon sərginin builki devizinə uyğun olaraq Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji potensialını, flora və faunasının zənginliyini, nadir biomüxtəlifliyini tərənnüm edir. Bu layihənin hazırlanması üçün 300-dək yerli və xarici mütəxəssisin cəlb olunduğu işçi qrup yaradılmışdı.
Milli pavilyonumuzda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq "Mirroring Baku" - Bakı ilə birbaşa əlaqə yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da var. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar. Həmçinin paytaxt Bakının sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanırlar. "Mirroring Baku" adlı bu layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın paytaxtı Bakı ilə sərginin minlərlə iştirakçısının əlaqəsinə şərait yaradır.
Milli pavilyonun həyətində yaradılan IDEA - Biomüxtəliflik parkında IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə dair məlumatlar, müxtəlif ekoloji layihələr təqdim olunur və əyləncəli proqramlar təşkil edilir.
Daha sonra Prezident İlham Əliyev "Milan Expo 2015" beynəlxalq sərgisində dövlət bayraqlarının qaldırılması mərasimində iştirak edib. İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi və dövlət bayraqları qaldırıldı. Tədbirdə "Milan Expo 2015" sərgisinin baş direktoru Bruno Antonio Pasquino və prezident İlham Əliyev çıxış ediblər. Çıxışlardan sonra dövlətimizin başçısı və xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış oldular.
Mənbə: buro247.az