İtaliyada Azərbaycana həsr olunan "Milli gün" - fotolar

İtaliyada Azərbaycana həsr olunan "Milli gün" -  fotolar
760 dəfə oxunub
  • A-
  • A
  • A+

“Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Milli gün” çərçivəsində Azərbaycan incəsənət ustalarının çıxışı olub.

Axşam.az-ın məlumatına görə, Azərbaycan mədəniyyətinin yerli sakinlər və pavilyona digər ölkələrdən gələn qonaqlara tanıdılması proqramı “Milan Expo” ərazisindəki Auditorium zalında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin iştirakı ilə konsert proqramı ilə başlayıb. Orkestrin bədii rəhbəri, dirijor Teymur Göyçayevin idarəçiliyi ilə keçən konsertdə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Afaq Abbasova, Nigar Şabanova, gənc skripkaçı Elvin Qəniyev çıxış ediblər.

Daha sonra konsert proqramı Azərbaycan milli pavilyonu qarşısında “Natiq” ritm qrupunun ifasında milli ritmlərin təqdimatı ilə davam edib. Burada, həmçinin xalq artisti Afaq Məlikovanın bədii rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının çıxışı olub. Azərbaycan musiqisi və rəqsləri pavilyona gələn yüzlərlə ziyarətçinin böyük marağına səbəb olub. Meydana toplaşanlar da milli musiqi sədaları altında rəqs ediblər. Ziyarətçilər, eyni zamanda, milli pəhləvanlarımız - Haldun Loğmanov və Seyhun Loğmanovun çıxışını izləyiblər. Yüzlərlə izləyici incəsənət ustalarımızın çıxışını “Azərbaycan” deyərək alqışlarla qarşılayıblar.

Azərbaycan pavilyonunda, həmçinin milli mətbəxin və muğam musiqimizin təqdimatı olub. Xanəndələr Arzu Əliyeva və İlkin Əhmədov Azərbaycanın milli musiqi incisi, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənətindən ifalar səsləndiriblər.

Pavilyonun terrasında təşkil olunan muğam gecəsində qonaqlar Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı da əldə ediblər.

Pavilyondakı “IDEA-Biomüxtəliflik parkında” quraşdırılan monitorda izləyicilərə Azərbaycan haqqında və ölkəmizin bu günlərdə ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunları barədə videoçarxlar nümayiş etdirilib. (AzərTac)