Musiqili Teatr mövsümü başa vurdu

Musiqili Teatr mövsümü başa vurdu
717 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrı iyulun 12-də mövsümü başa vurub.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun Axşam.az-a verdiyi məlumata görə, 105-ci mövsümün yekunuyla bağlı tədbir keçirilib. Teatrın direktoru Əliqismət Lalayev tədbirdə hesabat xarakterli çıxış edib:

“Yekunlaşdırdığımız mövsüm boyu bir çox uğura imza atdıq. Bir sıra tədbirlər keçirdik, yeni tamaşalar təhvil verdik. Xüsusilə, I Avropa Oyunları zamanı ölkəmizə gəlmiş qonaqlara göstərdiyimiz xidmətlə fərqlənməyi bacardıq. Hər zaman olduğu kimi, bu il də teatrımızla tamaşaçılar arasında mövcud olan həmrəyliyi qoruyub saxlamaqla yanaşı, bir qədər də inkişaf etdirdik. Sentyabrın 10-da 106-cı teatr mövsümünə start verəcəyik. Artıq biz indidən həmin açılış mərasiminə hazırlaşmağa başlamışıq. Bir çox yeni planımız, ideyamız var. İnanırıq ki, 106-cı mövsümdə yeniliklərimizlə, sürprizlərimizlə tamaşaçılarımızı sevindirə biləcəyik”.

Mərasimin sonunda mövsümün son tamaşası – dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası bir daha alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır.

Tamaşada rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa ediblər.