Mehriban Əliyeva Fransada Azərbaycan Mədəniyyəti Günlərinin açılışında - fotolar

Mehriban Əliyeva Fransada Azərbaycan Mədəniyyəti Günlərinin açılışında -  fotolar
2555 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub.

Axam.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Yay mövsümündə dünyanın hər yerindən turistləri özünə cəlb edən Kann şəhərinin gündəmində yenidən Azərbaycandır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə burada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Kann zəngin mədəniyyətimizin təntənəsinə ev sahibliyi edir. Öz mədəni tədbirləri ilə dünyada məşhur olan Kann bu günlərdə Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli, klassik və caz musiqisi, ənənə və müasirliyini yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.

Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatılıblar. Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də təqdim olunub.

Tədbirin aparıcısı ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan zəngin mədəniyyəti və qədim tarixi ilə seçilən müasir ölkədir.

Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış edib.

Azərbaycan gecəsinin əlamətdar bir gündə - 14 iyul Fransanın Milli Bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibəti ilə bütün fransız xalqını təbrik edib.

“Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir”, - deyən M.Əliyeva bu baxımdan regionlararası münasibətlərin əhəmiyyətindən bəhs edib, son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Bu ilin noyabrında Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirən Mehriban Əliyeva belə formatda təşkil edilən görüşlərin ölkələrimiz arasında olan dostluğa daha güclü təkan verəcəyinə əminliyini ifadə edib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın həqiqətlərini Fransa ictimaiyyətinə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətini də yüksək qiymətləndirib.

Mehriban Əliyeva onu da vurğulayıb ki, Azərbaycan 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfə olacaq. Azərbaycanın birinci xanımı “Pirotexnika sənəti” festivalı çərçivəsində bu gecə Kann şəhərinin səmasını bəzəyən atəşfəşanlığın Fransa-Azərbaycan arasında olan dostluğun daha bir təsdiqi olacağına əminliyini bildirib.

Daha sonra Kann şəhərinin meri David Lisnar çıxış edib.

Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. Festivalda ilk çıxış edən ölkə Azərbaycan olduğundan Fransanın və Azərbaycanın dövlət himnləri səslənib.

Beləliklə, də “Bakı Atəşfəşanlıq Qrupu” ənənəvi “Pirotexnika sənəti” festivalının açılışını edib. Ölkəmiz bu festivala 2013-cü ildən qatılsa da, iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur. Ona görə də builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir.

Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması tədbiri daha da maraqlı və rəngarəng edib. 25 dəqiqəlik atəşfəşanlıq şousu tərtibatı və ecazkar musiqi müşayiəti ilə seçilib. Bu müddət ərzində tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar. (AzərTac)