ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının finalına az qalıb.
Axşam.az-ın məlumatına görə, verilişin ötən gün yayımlanan buraxılışında da maraqlı anlar yaşanıb.
Münsif kürsüsündə əyləşən müğənni Elton Hüseynəliyev sevgi etirafı ilə yadda qalıb:
“Hamıya maraqlıdır ki, sevdiyim insan var? Mənim sevgilim Nisə Qasımovadır. O, mənim məktəb illərimin xatirəsidir. Onun sənəti qarşısında mən çox kiçiyəm”.
Xalq artisti N.Qasımova iştirakçılarla bağlı fikirlərini bölüşüb:
“İfaçıları hər hansı bir səhvlərə görə qınamaq istəmirəm. Bizim tərbiyəli müğənnilərə ehtiyacımız var. Burada da elələri çoxdur. Peşəkarlıqlarına qiymət versəm, saçlarımı yolarlar. Gərək onda evə getməyim. Hər kəs özünü göstərmək istəyir. Amma qüsurlar çoxdur. Biz finala çıxırıq. Ən yaxşını kənarda saxlayıb, orta səviyyəsi olanı qiymətləndirə bilmərəm. Hələ çox şey öyrənməlidirlər”.
Yarışmanın münsifləri arasında əməkdar artist Elza Seyidcahan və müğənni Nadir Qafarzadə də yer alır.
Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi yarışmada bu dəfə də dörd iştirakçı yarışmanı tərk edib.
Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.
Verilişə hər həftənin çərşənbə axşamı
"Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.