Elnarə: "Müştərilər çəkinməsin ki, bura məşhurlar gəldiyi üçün bahalıqdır" - fotolar

Elnarə: "Müştərilər çəkinməsin ki, bura məşhurlar gəldiyi üçün bahalıqdır" - fotolar
8506 dəfə oxunub
  • A-
  • A
  • A+

Stilist, imicmeyker, "Elnarə Bəkirova butik"in sahibəsi Elnarə Bəkirovanın Axşam.az-a müsahibəsini təqdim edirik:

- Məni hər yerdə, verilişlərdə modelyer kimi qələmə verirlər. Müştərilər yaxınlaşır ki, eskizlərinizi təqdim edə bilərsiniz? Gələcəkdə atelye açmaq planım var. Amma bu uzun vaxt tələb edir. Əsl peşəm stilist, imicmeykerdir.

-  Necə oldu ki, moda sahəsində çalışmağa başladınız?

- İqtisad Universitetinin “Mühasibat uçotu” fakültəsini bitirmişəm. Geyimə hər zaman həvəsim olub. Balaca uşaq idim, qohumlar məndən məsləhət alırdı. Hər dəfə onlara nəsə deyirdim, əməl də edirdilər. Tutduğum irada da qulaq asırdılar. Özüm də təəccüblənirdim. 8 ildir bu işlə məşğulam. Sağ olsun məşhurlarımız da mənə güvənirlər. Hər kəs zövqlü ola bilər. Amma kimsə geyimini kiməsə həvalə edəndə güvənməlidir. Məni seçdikləri üçün onlara təşəkkür edirəm. Bu günə kimi sakit fəaliyyət göstərirdim. Son 1 ildə daha çox gündəmə gəldim.

- Hansı məşhurlarla çalışırsınız?

- Xatirə İslam, Səidə Sultan, Natavan Həbibi, aparıcı Zümrüd Qasımova, Elnarə Təhməzova, Vüsalə Əlizadə ilə işləyirəm. Bu yaxınlarda isə Röya Ayxan bizdən geyim seçdi. Bütün tanınmışların geyim tərzini bəyənirəm. Ən çox isə Röyanın stilindən xoşum gəlir.

- Müştərilərin seçimlərinə müdaxilə edirsiniz, yoxsa özləri nə istəyir alırlar?

- Hər bir müştərinin fikrinə qulaq asır, istədiyini və tərzini aydınlaşdırmağa çalışıram. Daha sonra isə izah edirəm ki, nə yaraşar, nə yox. Hətta mənim təklif etdiyim geyim müştəridə kompleks yarada bilər. Geyinib baxanda isə fikrini dəyişir. Müştəriyə birbaşa təzyiq göstərmək olmaz. Hətta kimsə bahalı libas seçəndə ona yaraşmırsa, almasını istəməmişəm. Ona yaraşan ucuz paltarı aldırmışam. Yəni 300 manatlıq yaraşmır, 70 manatlıq yaraşır. İstər tanınmışlara, istərsə də adi insanlara düzünü demişəm. Çünki onlar mənim gəzən reklamlarımdır. Özləri də təəccüblənirlər. Amma o insan mənim daimi müştərim olub.

- Tanınmışlardan kimlərin geyim tərzini bəyənmirsiniz?

- Tək-tək ad çəkməyim düz deyil. Amma məkana və bədən ölçülərinə uyğun geyinmirlər. Bəzən toya elə libasda gedirlər ki, bu ev sahibinə hörmətsizlikdir. Məşhurlar fərqli görsənməlidirlər. Onlar adi insanlardan seçilməlidirlər.  Məncə aksessuardan daha çox istifadə etməlidirlər. Hamı onlara baxır. Mən televiziyaya çıxan kimisə geyindirirəmsə, tamaşaçı ondan örnək götürür. Zövqlər belə formalaşır.

- Xanımlarımızın geyim stilində hansı çatışmazlıqlar var?

- Dəniz kənarına düzgün geyinmirlər. Gənc qız hündürdaban ayaqqabı ilə gəzməyə gəlib. İdman stilində geyinsinlər. Əsas makiyajdır, xanımları çox dəyişir. Sadə makiyaj daha gözəldir.

- Mağazanızda ən çox hansı stildə libaslar satılır?

- Bizdə qarışıq üslubdur. Kreativ, sadə, idman stilli libaslar var. Müştəri bizim dükandan həm libas, həm ayaqqabı, həm çanta, həm də aksessuar tapa bilər.

- İnsanlar hansı özəlliyinə görə “Elnarə Bəkirova butik”i seçməlidir?

- Burada olan səmimi ortama görə. Mən müştərilərlə özüm danışır, məsləhətlər verir, qulluq edirəm. Hətta əyilib şalvarın ətəyini də qatlamaqdan çəkinmirəm. Bunu özüm üçün ayıb bilmirəm. Düzgün  yönləndirirəm və mənə güvənirlər.

- Satışda olan geyimlərinizi nəyə əsasən seçirsiniz?

- Hamısını xaricdən gətirirəm. Dəbə və zövqə uyğun seçir və gətirirk. Müştəri mağazaya girəndə ürəyi istəyən tərzdə libas tapa bilər. Mən burada müştəriləri görmək istədiyim stilə sala biləcək geyimlər satıram. Bu günə kimi də heç bir müştərim məndən narazı getməyib.

- Butikiniz şəhərin yalnız bir məkanında var?

- Moskvada da butikimiz var. Bu yaxınlarda isə Bakının mərkəzində bir mağazamız açılacaq.

- Müştəri butikə gələndə cibinə nə qədər pul qoymalıdır?

- Bizdə hər cibə uyğun libaslar var. Müştərilər qorxub, çəkinməsin ki, buradan məşhurlar alış-veriş edir, bahalıqdır. Hər qiymətə paltar satılır. Digər geyim mağazalarındakı qiymətlərlə eynidir, hətta daha ucuz deyə bilərəm. 

- Artıq payız mövsümünə qədəm qoyduq. Soyuq havalarda xanımlar hansı geyimlərə üstünlük versin?

- Bu il 1970-ci illərin stili dəbdədir. Tünd yaşıl, qırmızı rənglər aktual olacaq. Əvvəl qış gələndə hamı tünd rənglər seçirdi. Amma indi fərqlidir. İki rəngin uyğunlaşdırılması gözəl nəticə verəcək. Rəngli sevməyən xanımlarımız isə aksessuarlara üstünlük versinlər. Dəbli olmaq o deyil ki, son çıxan geyimləri seçirsən. Sənə rahat olan libası geyin, aksessuarda dəblə ayaqlaş. Artıq çəkili xanımlarımız jiletlərdən istifadə etsinlər. Çox gözəl və dəbli görünəcəklər.

Zəhra ƏHMƏDOVA

Foto: Ramin ASLANOV

Ünvan: Azadlıq pr. (Nəsimi bazarının yanı)

Tel.: (055) 704 13 34

İnstaqram:
elnara_bakirova