Aparıcı Vüsalə Kərimova yeni layihəsindən danışıb.
O, Axşam.az-a açıqlamasında "Space" telekanalı və "Soy production"la yollarını ayırdığını bildirib:
"Hazırda "Günaydın" verilişinin əvəzinə başqa proqram yayımlanır. Mən o layihənin rəhbəri deyildim. Sadəcə aparıcı kimi dəvət olunmuşdum. Bu müddət ərzində bekar dayanmamışam. Yayda bir gün də dincəlmədim. Qarşıdakı televiziya mövsümü mənim üçün gərgin keçəcək. Gözəl veriliş hazırlamışam. Oktyabrın ortalarında televiziyada yeni verilişimlə görünəcəm. Şou xarakterli proqramdır. Amma sosial mövzular da müzakirə olunacaq. Kanalın adını açıqlamaq istəmirəm. Amma "Space"də olmayacam. Layihənin müəllifi özüməm. Həftədə bir dəfə olacaq. Bütün ideyası mənə aiddir. Burada başqa bir Vüsalə görəcəklər".
V.Kərimova şəxsi həyatının uğursuz olmasını etiraf edib:
"Şəxsi həyatımda udmamışam. Yəni hamının istədiyi, sevdiyi kimi şəxsi həyatım yoxdur. Mənim kifayət qədər istedadım, iş həyatım var. Yorulmadan çalışmağımı qəbul etməyənlər az deyil. Allah bir qapını bağlayanda, digərini açır".
Aparıcı "Soy production"la münasibətlərinə də aydınlıq gətirib:
"Münasibətimiz pozulmayıb. Veriliş bağlanandan sonra oradan heç kimlə rastlaşmamışam. Üz-üzə gəlsək yenə salamlaşacağıq".
Qeyd edək ki, “Günaydın” verilişində qonaq yazar Əziz Musaoğlu ifaçı Mətanət Əsədovanın ünvanına "Mən aliməm, sən isə fahişəsən" sözlərini işlətmişdi. Məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib. Telekanal rəhbərliyi üzr istəyərək, "Günaydın" verilişinin yayımını dayandırmışdı.
Foto: Ramin ASLANOV