"Bu yerlərdən böyük zövq aldım" - Janna Qondolko
Mədəniyyət
10:07 / 30.07.13
"Qəbələ festivalı şəhərə gələn qonaqlara Azərbaycanın zəngin klassik musiqisi ilə yaxından tanış olmaq imkanı yaradır. Təbiətin qoynunda keçirilən bu möhtəşəm ənənəvi beynəlxalq musiqi festivalı musiqi tarixinizdə yenilikdir".
Axşam.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla davam edən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yerusəlim Simfonik Orkestrinin üzvü, skripkaçı Janna Qondolko AzərTAc-a müsahibəsində deyib.
Janna Qondolko Qəbələyə toplaşan dünyanın görkəmli musiqi xadimlərinin konsertlərinin böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşatdığını xüsusilə vurğulayıb. O, sıx meşələrlə əhatə olunmuş kiçik əyalət şəhərində gözəl təbiətin qoynunda keçirilən bu mötəbər sənət bayramının vaxtilə iştirakçısı olmaq arzusunu səmimiyyətlə dilə gətirib.
Festivalın çox yüksək səviyyədə keçirildiyini deyən skripkaçı xanım bu mötəbər tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir:
“Bu yerlərdən böyük zövq aldım. Ümumiyyətlə, Azərbaycan Şərq və Qərb memarlıq nümunələrinin elementlərini özündə birləşdirir. Qəbələnin qədim, həm də müasir arxitekturası məni valeh etdi”.
Janna Qondolko Azərbaycan xalçaları ilə xüsusilə maraqlandığını, vətəninə dönərkən xalçalarımızdan dostlarına hədiyyə aparacağını diqqətə çatdırıb.