Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində fevralın 23-də Pio-Klementino muzeyində olub. Axşam.az Azərtac-a istinadən xəbər verir ki, burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən abidələrə və incəsənət nümunələrinə baxış olub. Yunan mifologiyasında baş tanrı hesab olunan Zevsin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən, mərmərdən hazırlanmış və Roma imperiyası dövrünə aid olan bu heykəli mifik hekayələri və tarixi stilistikanı özündə əks etdirir.
Mehriban Əliyeva daha sonra Apostol Kitabxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası davam etdirilən dolablara baxıb. Birinci xanım yenidən Müqəddəs Taxt-Taca gəlməyindən məmnunluğunu bildirərək, Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı 2012-ci ildən etibarən icra olunan layihənin əhəmiyyətindən danışıb:
"Xüsusən də müasir dünyada belə münasibətlər - dinlərarası, sivilizasiyalararası, xalqlararası münasibətlərdə bu cür əməkdaşlıq çox böyük rol oynayır. Bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsinə verir.
Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu mövzuda ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, görüşlər multikulturalizm ideyasının, müxtəlif insanların, xalqların dostluq və qardaşlıq şəraitində birgə yaşadığını göstərir. Biz müsəlman ölkəsi olaraq ənənələrimizə, dinimizə, mədəniyyətimizə və tariximizə çox bağlıyıq. Eyni zamanda, biz ümumbəşəri dəyərləri qəbul edirik. Biz mədəni müxtəlifliyi davam etdiririk və buna böyük hörmətlə yanaşırıq. Öz dininə hörməti olan insan hər zaman digər dinlərə hörmətlə yanaşır.
Sonda qeyd etmək istəyirəm, mən fəxr edirəm ki, Azərbaycan dövləti xristian aləminin dəyərli abidələrindən biri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verir".
Sonra Müqəddəs Sebastian sərdabələrinin bərpası üzrə müqavilə imzalandı. Müqaviləni Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi imzaladılar.
Qeyd edək ki, eramızın III əsrində həlak olmuş romalı sərkərdə Sebastianın adı ilə adlandırılan Müqəddəs Sebastian sərdabələri dördmərtəbəli məzarlıqda yerləşir. IX əsrədək katakombalar bu məzarlıqda saxlanılıb, daha sonra Müqəddəs Sebastian kilsəsinə daşınıb və hazırda orada mühafizə olunur. Daha sonra jurnalistlərin sualları cavablandırıldı. Müsəlman ölkəsi olan Azərbaycanın Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına maraq göstərməsinin səbəbi ilə bağlı suala cavabında Mehriban Əliyeva bildirdi ki, ölkəmiz hər zaman dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olub. Heç vaxt ölkəmizdə dini və milli zəmində münaqişə baş verməyib. Heydər Əliyev Fondu bu cür işləri həm ölkədə, həm də dünyanın müxtəlif yerlərində həyata keçirib.
Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası isə Azərbaycan ilə Vatikan arasındakı yüksək səviyyəli əməkdaşlığın nümunəsidir. Kardinal Canfranko Ravazi isə Heydər Əliyev Fondu ilə Vatikan arasında geniş əməkdaşlığın olduğunu vurğuladı. Bu əməkdaşlığa Vatikan muzeyləri ilə əlaqələr, qədim əlyazmaların bərpası və digər məsələlər daxildir. Ölkəmizə səfərlərini və müxtəlif dinlərin nümayəndələri ilə görüşlərini xatırladan C.Ravazi Müqəddəs Taxt-Tacın Azərbaycanla əlaqələrinin çoxşaxəli olduğunu diqqətə çatdırdı.