Bəstəkar Sevinc Tofiqqızı “Həsrətindəyəm” kompozisiyasına çəkdirdiyi klipinə təqdimat edib.
Axşam.az-ın məlumatına görə, ekran işinin rejissoru Rauf Sahiboğlu, aranjimanı isə Osman Həmidova həvalə edilib.
Tədbirdə media nümayəndələrinin suallarını cavablandıran S.Tofiqqızı yeni layihəsindən bəhs edib:
“Həsrətindəyəm” kompozisiyasını mən Azərbaycanıma, vətənimə həsr eləmişəm. Qürbətdə yaşayan azərbaycanlılarımız hər zaman vətən həsrəti ilə yaşayıblar. Özüm də başqa ölkəyə səfər edəndə məni vətən həsrəti çəkir. Xalqımı, Azərbaycanımı çox sevirəm. Bu əslində mənim ilk əsərim olub. Kompozisiyanı ilk dəfə bəstəkarımız Rühəngiz Qasımovaya göstərdim, bəyəndi və mənə uğurlar dilədi. Bu sənətə davam etməyimi məsləhət gördü”.
S.Tofiqqızı klipin ərsəyə gəlməsində ona dəstək olan yaradıcı heyətə təşəkkürünü bildirib:
“Klipin montaj işlərini edən İlham Yaşaroğluna, operatoru Qarabağ əlili Mürşid Vəliyevə minnətdaram. Rejissor Rauf özü mənlə əlaqə saxlayıb, klip təklifi etdi. Mən də razılaşdım. Onun bu işini bəyəndim”.
Təqdimat mərasimində əməkdar rəssam Əşrəf Heybətov, Qadın və Uşaq problemlərinin araşdırılması təşkilatının sədr müavini Yasəmən Möhübbətqızı, “Sülh səfiri” Aleksandr Şapiro, Beynəlxalq Diaspora Mərkəzinin nümayəndəsi İsmayıl Ağayev, “Gəncliyə yardım” fondunun sədri Salman Əliyev, “Yunis Əmrə”mərkəzinin direktoru İbrahim Yıldırım, şairə İradə Əlili, Qarabağ qazisi Ruxsara Cumayeva da tək qoymayıb.