Mayın 13-də Azərbaycan Dövlət Filarmoniyasında “Amerika günləri” festivalının açılışına həsr olunan konsert proqramı təşkil edilib.
Axşam.az xəbər verir ki, konsertdən əvvəl çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın müxtəlifliyinə həsr olunan “Amerika günləri” festivalının bir həftə davam edəcəyini deyib. Səfir bildirib ki, ABŞ-la Azərbaycan arasında oxşarlıqlar çoxdur və ən əsası hər iki ölkə müxtəlif dini, milli, mədəni qruplara qarşı tolerantdır. Hər iki xalq bu dəyərləri gələcək nəsillərə çatdırmaq niyyətindədir. Diplomat bir həftəlik proqram çərçivəsində Amerika musiqisi, rəsmləri, mətbəxinin, müxtəlifliyinin, baxış tərzinin Azərbaycan xalqı ilə paylaşılacağını vurğulayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışıb. O, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan bu layihənin xalqlarımız və dövlətlərimiz arasındakı mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına inamını ifadə edib.
Tədbir Azərbaycan musiqiçilərinin ifasında Amerika klassik musiqilərdən ibarət konsertlə davam edib.
“Amerika genləri” festivalının keçirilməsində məqsəd Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.