London yaxınlığındakı Vindzor qəsrinin ərazisində keçirilən Kral Vindzor At Şousunun final mərhələsində Azərbaycanın "Qarabağ" cinsindən olan 15 atdan ibarət komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Kraliça II Yelizaveta qarşısında çıxış ediblər.
Axşam.az-ın məlumatına görə, 11-15 may tarixlərində keçirilən şou Kraliçanın 90 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti adından Kraliça II Yelizavetaya respublikanın əməkdar rəssamı Sakit Məmmədovun rəsm əsəri hədiyyəsi edilib.
Azərbaycanın Kral Vindzor At Şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib.
TEAS-dan verilən məlumata görə, təşkilati işlərə musiqiçi və rəqqasların Londona səfərlərinin təşkili, atların çaparlarla birlikdə Vindzora çatdırılması, həmçinin, Azərbaycan mədəniyyəti pavilyonunun qurulması daxil idi. Atların Britaniyaya çatdırılması üçün düz 2 ay vaxt tələb olunub. Vindzorda Azərbaycanın milli folklorunu təcəssüm etdirən bir-birindən maraqlı rəqs nömrələri və musiqili tədbirlər keçirilib. Mədəniyyət pavilyonumuzu ziyarət edən yüzlərlə britaniyalı və xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti haqqında müfəssəl məlumatlar əldə ediblər, ləziz mətbəximizdən dadaraq Azərbaycan qonaqpəvərliyinin şahidi olublar.