69-cu Kann Beynəlxalq Film Festivalında Azərbaycanın kino pavilyonu öz işini davam etdirir. Festivalda Azərbaycan kinosunu Mədəniyyət və Turizm Nazirliyinin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edirlər.
Kinostudiyadan Axşam.az-a bildirilib ki, hər gün dünyanın müxtəlif ölkələrindən olan beynəlxalq kino şirkətləri və təşkilatları, film festivallarının rəhbərləri və nümayəndələri ilə görüşlər keçirilir.
Belə görüşlərdən biri də Türkiyə Mədəniyyət və Turizm Nazirliyi kino müdiriyyətinin rəhbəri Erkin Yılmaz və Ankara Kino Assosiasiyasının sədri Ahmet Boyacıoğlu ilə keçirilib. Görüşdə ölkələrimiz arasında kino istehsalının genişlənməsi üçün əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub. Bu məqsədlə ikitərəfli anlaşma sənədinin hazırlanmasının vacibliyi vurğulanıb və yaxın zamanda bununla bağlı konkret təkliflərin təqdim olunacağı qeyd edilib. Xalqlarımızın tarixini əks etdirən müştərək film çəkilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycanın Kanndakı kino pavilyonunda Gürcüstan Milli Kino Mərkəzinin yeni təyin olunmuş direktoru Zurab Maqalaşvili ilə kinematoqrafçılarımız arasında keçirilən görüşdə strateji tərəfdaşlıq münasibətlərində olan ölkələrimizin kino sahəsində də əlaqələrinin keyfiyyətcə yeni səviyyədə təşkili məsələsi müzakirə edilib. Bu məqsədlə yeni ideyaların və layihələrin irəli sürülməsi və birgə həyata keçirilməsinin əməkdaşlıq üçün ən yaxşı vasitə olduğu vurğulanıb. Danışıqları Tbilisidə və Bakıda davam etdirmək qərara alınıb.