16 yaşlı gənc rejissor belə iddia edir.
Axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl Bakıda 16 yaşlı rejissor Ayla Qasımzadənin "Amerika yoxdur" filminin təqdimatı keçirilib. Qısa metrajlı filmdə Vasif Vaqifoğlu, Cahid Məmmədov, Elvin Abdullayev, Kənan Məmmədli və digərləri çəkiliblər.
Filmin ssenari müəllifi isə Məsumə Əhədovadır. O, filmi siqaret əleyhinə qısa film festivalına göndərmək üçün çəkdiklərini deyib:
"Amerika yoxdur" filmini siqaret əleyhinə qısa film festivalına göndərmək üçün çəkmişdik. Festival sərbəst mövzuda olsa, ümumiyyətlə siqaret haqda bir film çəkməzdik deyə düşünürəm; çünki bu bizi narahat etməyən, laqeyd olduğumuz bir mövzu idi. Ona görə də ilk mərhələdə siqaretdən narahat olmalı, bunun həqiqətən çox pis bir şey olduğuna özümüzü inandırmalı idik. Hələ nə çəkəcəyimizə dair heç bir fikrimiz olmayan bu mərhələdə keçən illərdə festivala göndərilmiş, dərəcə qazanmış qısa filmlərə baxdıq. Daha çox insanlara əxlaq dərsi verən, "siqaret çəksən, öləcəksən", "uşaqları zəhərləməyin" deyən ibrətamiz, ağıl öyrədən bir yanaşma var idi. Düşünürəm ki, insan şüurlu varlıqdır və bədəni üzərində yeganə iqtidar sahibidir. Hər kəs özü üçün nəyin yaxşı, nəyin səhv olduğuna qərar verir. Siqaret də belə bir qərar, azad iradə və seçim aktıdır.
Biz də insanlara əxlaq dərsi vermədən daha fərqli bir yanaşma ilə çıxış etmək, təhlükənin siqaretdə deyil, asılılıq, aludəlik halında olduğunu göstərmək qərarı aldıq.
Zövq verən, həzz aldığın hər şeyin - yəni içki, siqaret, narkotik vasitələr, hansısa insan, pul, yemək, seks, musiqi, kitab, film, idman olsun - üzərində idarəni itirəndə asanlıqla onun quluna çevrilə bilirsən. Bir səhər oyanıb o çox sevdiyin, həyatının mərkəzinə qoyduğun şeyi tapmaya bilərsən. Bu zaman aludəlikdən əziyyət çəkməyə başlayırsan; həzz asanlıqla əzaba çevrilir. Ona görə də "Siqaret deyil, asılılıq öldürür" deyirik, həzz verən, gözəl asılılıqlarımızla daha ehtiyatlı olmağa çağırırıq".
Rejissor A.Qasımzadə məhz bu səbəbdən də film üçün "Siqaret deyil, asılılıq öldürür!” sloqanının seçdiklərini vurğulayıb:
"Niyə Amerika – deyə soruşa biləriniz... Axı tütünün vətəni məhz Amerikadır. Bizin filmin qəhrəmanı isə bir gün səhər gözünü açaraq, yalnız siqaretin deyil, hətta Amerikanın belə hələ kəşf olunmadığını görür. Amma çifayda – Məsumə düz qeyd etdi, bu asılılıq sənin yalnız qanında deyil, beynindədirsə, bitdi, sən onun qulusan və sonun da labüddür... Əgər sən asılılıqlara meyllisənsə, o zaman siqaret olmasa belə, başqa kabus tapacaqsan həyatında..."