"Yaşa dolduqca anlayıram ki, bu günə kimi uğurlarımla bərabər əldə etdiyim hər şey daxili və zahiri dünyamın üzərində işləməyimin nəticəsidir. Arzularım bitmir, tükənmir. Onlardan bəziləri gerçək olub, bəziləri isə istədiyim kimi yox, başqa formada reallaşıb. Sonradan fikirləşmişəm ki, bəlkə, günah məndə olub. Bəlkə, arzumun məqsədə çevrilməsi üçün az səy göstərmişəm. İstənilən halda, həyatda təsadüf olmur, reallaşan bütün arzularımda əməyim sonsuzdur".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Dilarə Kazımova "Discovery Azerbaijan" jurnalına açıqlamasında deyib.
Özündən danışan ifaçı yalanı bağışlamadığını bildirib:
"Sözü üzə deyənəm. Yalan danışa bilmirəm. Ən əsası, insanlardan heç nə tələb etmirəm və heç nə gözləmirəm. Başqasının gözləntilərini ödəməyə borclu deyilik. Düşünün, biz niyə başqasının hərəkətinə görə məyus oluruq, çünki o, “gözləntilərimizi doğrultmur”.
Öz işimə qarşı çox tələbkaram. Dostlarım üçün işdən kənarda Delyayamsa, işə başlayanda Dilarə oluram. Dostluq ayrı, iş ayrı. Komandam da mənə qarşı eyni dərəcədə tələbkardır.
İnsanlarla çətin ünsiyyət qururam. Tanışlarım həddən çoxdur, yaxın dostlarım isə çox azdır. Öz hisslərimə, daxili düşüncələrimə qarşı çox həssas və qısqancam. Onları tək-tük insanla paylaşa bilərəm. Ətrafımda çox insan var deyə, onlara çox enerji verirəm. Enerjimi payladıqca narahat olmağa başlayıram, özümə qapanıram, qapananda yanıma ən yaxınım olan bir-iki nəfər gəlir və başlayırıq dağılan Dilarəni toplamağa…".