Əməkdar artist Londonda konsert verəcək

Əməkdar artist Londonda konsert verəcək
1088 dəfə oxunub
  • A-
  • A
  • A+

2017-ci ilin iyulunda London Kral Opera Teatrında Cakomo Puççininin “Turandot” operası nümayiş etdiriləcək.

Axşam.az-ın Azərtaca istinadən xəbərinə görə, bu haqda London Kral Opera Teatrının saytında yazılıb.

İyulun 5-də, 9-da, 12-də və 15-də “Turandot” operasında Liu obrazını əməkdar artist Dinara Əliyeva canlandıracaq.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı təşkil olunub.

D.Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.