“Region TV”nin rəhbərliyi media nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, tədbirdə telekanal rəhbərləri öz brendini yeniləyərək bundan sonra “ARB TV” (Azerbaijan Republic Broadcasting – Azərbaycanın Respublika Yayımçısı) adı ilə fəaliyyətini davam etdirəcəyini deyib.
Telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov deyib ki, “ARB TV” bundan sonra fərqli formatda fəaliyyət göstərəcək:
“Telekanalda hər zövqə uyğun, bir-birindən maraqlı layihələr təqdim ediləcək.
Peykdə yayımlanan, tərəfdaşlarımız olan 3 tematik telekanal, adlarını yenilənmiş brendimiz “ARB”-yə uyğunlaşdıraraq, “TTV” (Türkel TV) - “ARB 24”, “Alternativ TV” – “ARB Ulduz”, “Günəş TV” – “ARB Günəş” olaraq fəaliyyət göstərəcəyik.
“ARB 24”, fasiləsiz, hər 30 dəqiqədən bir, ölkə və dünya gündəmindən ən önəmli xəbərləri, ən operativ şəkildə tamaşaçılara çatdıracaq.
“ARB Ulduz” - Zövqlü musiqi və əyləncə axtaranların yeni ünvanı olacaq. Gələcəkdə “ARB Ulduz” yeni layihələrlə də tamaşaçıların qarşısına çıxacaq.
“ARB Günəş” isə balaca tamaşaçıları sevindirməyə davam edəcək. Ölkənin ilk uşaq kanalı olaraq yayıma başlayan telekanal bundan sonra da yeni verilişlər və yeni cizgi filmləri ilə efirdə olacaq.
Tərəfdaşlıq etdiyimiz bölgə telekanalları da öz brendlərini yeniləyərək, adlarını “ARB” brendinə uyğunlaşdıb. “Kəpəz TV” – “ARB Kəpəz”, “Kanal S” – “ARB Şəki”, “RTV - ARB Şimal”, “CTV” – “ARB Cənub” , “EL TV” – “ARB Aran” olaraq fəaliyyətini davam etdirəcək. Tərəfdaş regional telekanalların adları yayımlandıqları ərazini özündə əks etdirir. Bütün kanalların adları tərəfdaşlıq çərçivəsində ortaq iş prinsipini əks etdirəcək".
İ.Həsənov onu da deyib ki, layihənin tərkibinə “Kəpəz FM” radiosu da daxildir.