“Təklif etdilər ki, məni Azəri Sibel Can kimi tanıtsınlar"
Ölkə
11:24 / 15.10.13
5398dəfə oxunub
A-
A
A+
Bir çox müsabiqələrin laureatı müğənni Cəvahir Abdulova repertuarına Eldar Mansurov, Faiq Sücəddinov kimi peşəkar bəstəkarların əsərlərini daxil edib.
Axşam.az xəbər verir ki, bu günlərdə lentə yazılan bəstələr ekran həllini də tapacaq. Cəvahir Eldar Mansurovun bəstəsinin sevgi mövzusunda, Faiq Sücəddinovun isə vətənpərvər mahnı olduğunu bildirib. Təcrübəli sənətçinin ifası həmçinin Rusiya və Türkiyədə dinlənilir. Müsabiqələrdə iştirakı zamanı səsi lentə köçürülərək toplulara daxil edilən Cəvahir xanıma daha bir təklif türkiyəli müğənni Kıracdan gəlib. Onunla Uluslararası Festivalda tanış olan Cəvahir Kıracdan aldığı təklifi dəyərləndirəcək:
“Həmin tədbirdə məndən sonra səhnəyə Kırac çıxdı. İfasını bitirəndən sonra səsimi bəyəndiyini söylədi. Səhnə arxası komandası ilə birgə ayaqüstü söhbətimiz oldu. Kırac əməkdaşlığa hazır idi. Bizimlə sağollaşandan sonra axşam saatlarında müğənninin meneceri, məhşur teleaparıcı Bahri bəy və bir neçə adam qaldığımız otelə gəldi və oturub söhbət etdik. Meneceri Kıracın nəzərdən keçirdiyi təklifi söylədi. Onlar həm səs, həm də simaca Sibel Cana bənzədiyimi bildirməklə, məni Azəri Sibel Can adı ilə Türkiyədə tanıdılmağım təklifini önə sürdülər və müqavilə bağlamağımı istədilər. Əslində, bir sənətçi kimi bu təklif ürəyimcə olub. Amma valideynlərimin xeyir-duası olmadan qərar verməkdə çətinlik çəkirdim. Ona görə də onlardan bir qədər zaman istəmişəm.
Sibel Cana bənzəmək gözəldir. Bunun belə olduğunu sənət dostlarım, məni tanıyan və tanımayanlar da deyir. Hətta İrana müalicə məqsədi ilə gedəndə mənim Sibel Can olduğumu düşünmüşdülər. Nə qədər inandırmağa çalışsam da, bunu bilərəkdən gizlətdiyimi zənn edirdilər”.