ATV telekanalının zövq yarışması “Özünə bax” bayram buraxılışları ilə tamaşaçıların diqqətini çəkib.
Axşam.az-ın məlumatına görə, verilişin qonaqları “Bu şəhərdə” komandasının aktyorları Coşqun Rəhimov və Rəfael İsgəndərov olub.
Ötən gün münsiflər kürsüsündə layihənin rəhbəri Ruhi Əliyeva, vizajist Nigar İbrahimova və Afa xanım əyləşib. Aygün adlı iştirakçı Rəfael İsgəndərovun xoşuna gəlib. Gənc xanıma heyran olan aktyor hisslərini gizlədə bilməyib. R. Əliyevanın “Unutma ki, buradan çıxıb evə gedəcəksən” sözünə isə Rəfael “Ev var ki...” cavabını verib.
Zarafatlarından qalmayan aktyorların iştirakçılara iradları da olub. Belə ki, Arzu adlı iştirakçının açıq-saçıq libası onların xoşuna gəlməyib. Bayram münasibətilə yarışa qatılan dörd iştirakçının hər biri ikinci yarımfinala vəsiqə qazanıb.
Canlı yayımda sürprizlə qarşılaşan Ruhi Əliyevaya çiçək hədiyyə edilib. Layihə rəhbəri onlardan birini “Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasovun göndərdiyini deyib, digər gülün sahibini isə gizli saxlayıb.
“Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-adək ATV telekanalında canlı yayımlanır.
Xatırladaq ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət paketi hədiyyə ediləcək.
"Özünə bax 2"nin informasiya dəstəkçisi Axşam.az saytıdır.
Foto: Rəşad Abbasov