Keyt Moss və Adriana Lima Bakıda podiuma çıxa bilər

Keyt Moss və Adriana Lima Bakıda podiuma çıxa bilər
2103 dəfə oxunub
  • A-
  • A
  • A+
Modelyer Fəxriyyə Xələfova dəfiləyə hazırlaşır.

Bu haqda məlumatı Axşam.az saytına modelyerin özü verib. O, bu yaxınlarda Çində keçirilən “İpək yolu” festivalında nümayiş etdirdiyi libasları Bakıda da göstərişə çıxaracağını bildirib:

“Geyimlərim üçün ipək tapmaq heç də asan olmadı. Mənə qədim dövrdən qalan parçalar lazım idi. Buna görə də bir ay İçərişəhərdəki suvenir mağazalarını gəzib, qədimdən qalan ipəkləri tapıb aldım. Onları birləşdirib, müasir sintezli gözəl libaslar hazırladım. Elə buna görə də Çində ən zəngin kolleksiya mənimki idi. Muzeydə saxlanılacaq libaslar hazırlamışam. Onun Azərbaycanda nümayişini təşkil edəcəm. Məkan isə İçərişəhər olacaq. İpək kolleksiyama ancaq oradakı sərgi salonları yaraşar”.

F. Xələfova gələcəkdə daha böyük dəfilə hazırlayacağını və bunu “Cristall Hall”da keçirmək istədiyini bildirib. Həmin dəfilədə isə podiuma çıxmaq üçün dünyanın dörd bir yanından modellər dəvət ediləcək. Onlar arasında Keyt Moss, Adriana Lima kimi məşhurlar da olacaq:

“İstəyirəm, “Cristall Hall”da böyük bir dəfilə keçirim. Oraya 30 min tamaşaçı yerləşir. Amma bundan qorxmuram. Çünki Heydər Əliyev sarayındakı moda nümayişimə 2 min insan bilet alıb gəldi. Buranı da dolduracaqlarına inanıram. Sözügedən nümayişə dünyanın məşhur modelləri toplanacaq. Həmin dəfiləmdə Keyt Moss, Adriana Limanı görmək arzusundayam. Mənim dünya ulduzları ilə işləmək təcrübəm olub. İstanbulda moda nümayişimdə Şəbnəm Şefer, Parisdə tanınmış modellə çalışmışam. Onlar geyimi elə gözəl formada təqdim edirlər ki, baxan paltara heyran qalır. Bunları reallaşdırmaq üçün mənə maddi imkan və cəsarət lazımdır”.

Foto: Bəhruz ƏLİZADƏ