“Space TV”də yayımlanan “Təəccüb çevrəsi” verilişinin yaradıcı heyəti bu dəfə kulisarxası məqamlardan danışıb.
Axşam.az xəbər verir ki, layihənin rəhbəri Çingiz Həziyev, verilişin aparıcısı Mələk Heydərova və rejissoru Zaur Rəcəbovdur.
Ç.Həziyev verilişin 2 saat yarıma çəkildiyini deyib:
"Verilişin bütün məsuliyyəti tam olaraq mənim üzərimdədir. Düzdür, uşaqlar çox işləyir, əllərindən gələni əsirgəmirlər, çalışırlar ki, işlərinin öhdəsindən layiqincə gəlsinlər. Şəxsən mənim üçün bu veriliş həyati məna kəsb edir. Bu illüziya işlərində Zaurla 10 ildir ki, bir yerdəyik. Ümumiyyətlə, bilirsiniz ki, Azərbaycanda illüziya sahəsində boşluqdur, həm, televiziya, həm də səhnələrdə illuziyaya çox az hallarda rast gəlmək mümkün olar. Mən bilirəm hansı illuziyadan danışıram. Bu sahədə işimlə bağlı heç kim sözümün üstünə söz deyə bilməz. Çox yerlərdə illüziya göstərmişəm. Deyə bilərəm ki, çox nadir hallarda insanlar illüziyaya baxıb təəccüblənmir.
Polisdə, küçədə, məclisdə, istənilən məkanda illüziya göstərilsə, adam mütləq şəkildə ona maraq göstərir. Azərbaycanda bu verilişə qədər illüziya tamam fərqli idi. Hətta bizim qonaqlarımız belə bunu bizə xatırladır. Bir çox illüzionistlər illüziyaçılıqdan çıxıblar, söhbət Azərbaycandan gedir. Mən onlara uşaq dayəsi deyirəm. Yəni illüziyaçılıq o demək deyil ki, mənim uşağımın 5 yaşı olur, gəl, klounluq elə. İllüziya sənətini qeyri-peşəkarlar o səviyyəyə çatdırıblar. Amma müəyyən insanlar var ki, illüziyanı bəyənir. Onlar isə bizim yox, əcnəbilərin illüziyasını qəbul edən tamaşaçılardır. Çünki xaricdə tamaşaçının başını papaqdan quş, dovşan çıxarmaqla aldatmırlar".
Z.Rəcəbov ciddi iş prosesindən danışıb:
"Özüm özümü də incidirəm, hər ikisi də məni incidir. Amma rejissorun işi odur ki, inciməsə, iş getməyəcək. İş varsa, yüngülvari incikliklər olur, o da yalnız çəkiliş vaxtı. Ümumi götürdükdə isə sırf kadrın alınmaması işlərimizdə bir az çətinlik yarada bilər. Kadr alınmayanda istənilən rejissor hirslənir. Amma sizə bir sirr verim ki, hirslənəndə özüm-özümü motivasiya edirəm. Saçımı darayıram və sifətimi dəyişirəm. O da Çingizin xoşuna gəlmir (gülür). İşimdən həzz alıram. Bu proyekt uzun müddətdir ki, ərsəyə gəlib".
M.Heydərova bildirib ki, Çingizin sayəsində yenidən efirə qayıdıb:
"Hamıya məlumdur ki, bir ara yoxa çıxmışdım, hamı məni axtarırdı. Bu il ərzində çox təkliflər almışdım, amma şərait, kollektiv, rəhbərlik məni qane etmirdi. Deməli, gecə saat 11-də rejissor tələsik mənə zəng elədi ki, "sabah görüşək". Görüşüb veriliş barədə danışdıq.
Layihə rəhbəri Çingizin sayəsində ekranlara geri döndüm. Rejissora təşəkkür edirəm. Düzü, Zauru görməmişdim, amma telefonda mənimlə çox mədəni danışdı, aldandım (gülür). Çingiz haqqında onun çox ciddi, qaşqabaqlı olduğunu eşitmişdim. Amma tanış olduqdan sonra onun pambıqdan yumşaq bir insan olduğunu gördüm. 3 saat danışdıq. Və mən bu müddət ərzində qərar verdim ki, ilk baxışdan mənə xoş təəssürat yaradan bu insanlarla işləyə bilərəm.
Burada hamısı kişilərdir, xanım işçilər çox azdır. Tək xanımam. Ona görə də bəlkə hər kəs mənə daha çox hörmət edir, sözümə önəm verir. Mən işdə bu münasibətə çox önəm verirəm. Əgər bir iş yerində bir xanıma belə hörmət göstərilirsə, deməli, bu, ilk növbədə layihə rəhbəri, rejissorun hesabınadır".
Mələk proqramı iki aparıcının idarə etməsinin çətinliklərindən söz açıb:
"İntriqalar ola bilər, yola getmərik, amma kişi ilə qadın çox vaxt fərqlənir. Bizim verilişə baxmağa dəyər. Çünki burda balans söhbəti var. Mən şıltağam, güldürürəm, Çingiz ciddidir, tamaşaçını təəccübləndirməyə çalışır. İkimizin də fərqli fəaliyyəti nəticəsində maraqlı bir şey alınır. Yəni illüziyaya baxmayanlar belə verilişdəki söhbətlərə qulaq assalar, onlara belə maraqlı gələcək, illüziyaya maraqları artacaq. Bizim verilişə baxanda tamaşaçı yorulmur. Biz bəziləri kimi qonağın və yaxud da bir-birimizin sözünü kəsmirik".
Qeyd edək ki, "Təəccüb çevrəsi" həftənin çərşənbə günü saat 22:45-də yayımlanır.