Dünya ulduzları gözəl görünmək üçün dəridən-qabıqdan çıxaraq xeyli miqdarda vəsait xərcləyirlər. Onlar gənc və cazibədar qalmaqdan ötəri “əlçatmaz” vasitələrdən istifadə edirlər.
Gəlin, tanınmışların gözəllik sirləri ilə tanış olaq.
Meksikalı aktrisa Salma Hayek bu qədər ecazkar görünüşə, fərqli bədən quruluşuna sahib olmasının səbəbini mütəmadi olaraq yediyi böcəklər salatında görür. Qızardılmış qurdlar, avakado pürəsini qarışqa ilə qarışdırıb yeyən Hayek maraqlı məsləhətlər də verib:
“Yemək reseptləri çoxdur. Sizə böcəklərdən hazırlanan təamları dadmağı məsləhət görürəm. Balaca çəyirtkənin dadı gözəldir, həqiqətən də çox ləzzətlidir”.
Dünyanın ən gözəl qadınlarından biri hesab olunan Ketrin Zeta-Cons ağ dişlərə sahib olmaq üçün çiyələk püresi yeyir. O, parlaq saçlara sahib olmaqdan ötəri isə həftədə bir dəfə pivə ilə saçlarını yuyur.
"Böyük şəhərdə seks" filmi ilə məşhurlaşan Sara Cessika Parkerin gözəllik sirri “tualet kağızı”ndadır. O, kirşanlı tualet kağızı ilə üzünü silir.
Firəngiz AĞALAR