“Seriallarımızın həm mövzusu, həm də məkanı dəyişib. Eyni zamanda yeni aktyorlar cəlb etdik”.
Bu sözləri Axşam.az-a açıqlamasında aktyor Elməddin Cəfərov deyib. O bildirib ki, prodüseri olduğu “Bacanaqlar”, “Qız atası” və “Qardaşlar” serialları tamaşaçıların qarşısına fərqli formada çıxacaq:
“Mövzumuz da dəyişib. "Bacanaqlar"da Qismət obrazını canlandıran Elnur Hüseynov geri qayıtdı, eyni zamanda Cavidan Novruz seriala daxil olub. "Qardaşlar”da isə aktyor Tərlan Yaşaroğlu və əvvəl Esya obrazıyla tanınan Esmira yer alacaq. Bundan başqa da yeni simalar görəcəksiniz. Əvvəlki aktyorlarımızdan isə heç kimi uzaqlaşdırmamışıq”.
Elməddin noyabrda yeni serial təqdim edəcəklərindən xəbər verib:
“Hazırda yeni seriala başlamağa gücümüz çatmazdı. Üç serial işləmək çox çətindir. Dördüncü isə bizim üçün lap ağır olardı. Bu ekran işi də komediya janrında olacaq. 99 faiz yeni aktyorlar dəvət edəcəyik. Bundan sonra ərsəyə gətirəcəyim bütün ekran işləri komediya olacaq. Bir dəfə romantik komediya çəkdim, bu mənə dərs oldu”.
Aktyor heç vaxt film çəkməyəcəyini deyib:
“Komandamın 50-yə yaxn üzvü var. Hazırda onlar seriallarla bağlı işləri yerinə yetirirlər. Onları daha artıq yükləyə bilmərəm. Film çəkmək mənim üçün böyük risk olar. Bu yükün altına girə bilmərəm. Həm bəlkə heç izlənmədi, qoyduğum məbləği götürə bilmədim”.
Foto: Ramin ASLANOV