"Chelebi" mebel evində yeni Azərbaycan brendi “ZAHRA”nın yaranmasının 1 ili münasibətilə tədbir keçirilib.
Ötən ilin martında fəaliyyətinə start verən “ZAHRA” əsasən baş çalmaları və turban istehsal edən brenddir. Marka fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkə daxilində böyük uğur qazanaraq, onlayn satışlar vasitəsi ilə böyük müştəri kütləsi toplayıb. 1 il ərzində onlarla rəngarəng, özəl parçalardan, xüsusi dizaynla və əl işləri ilə zəngin turban çeşidlərini modasevərlərin ixtiyarına verib. Brendin yaradıcısı və təsisçisi gənc modelyer Vüsalə İldırımzadədir.
Hazırladığı geyimlərdə və turbanlarda Şəki ipəyindən xüsusi istifadə edən V. İldırımzadə “ZAHRA”nın gələcək fəaliyyəti ilə bağlı hədəflərinin böyük olduğunu deyib:
“ZAHRA”nı bir Azərbaycan brendi kimi dünyaya çıxartmaq istəyirəm. Yaxın gələcəkdə “ZAHRA” məhsulları aparıcı beynəlxalq pərakəndə şəbəkələrdə satışa çıxarılacaq”.
Həm geyim kolleksiyasında, həm baş çalmalarında stil olaraq orta şərq və qərb mədəniyyətlərini özündə əks etdirən modelyer bu səbəbdən məhsullarının maraqla qarşılandığına əmindir.
Tədbirdə brendin fəaliyyətini əks etdirən zahra.az saytının təqdimatı və xüsusi olaraq hazırlanan kapsul kolleksiyanın nümayişi olub. 12 geyimdən ibarət kolleksiyadakı əlbisələrin əksəriyyəti Şəki ipəyindən tikilib. Dəfilədə təqdim olunan hər bir geyim “ZAHRA” brendinin əsas istehsalı olan turbanlarla tamamlanıb.
"ZAHRA" brendi aprelin beynəlxalq autizm ayı olmasını nəzərə alaraq, tədbirdə satılan ilk turbandan əldə olunan gəliri autizmli uşaqların reabilitasiyası üçün "Ümid var" xeyriyyə birliyinə verib.
Qeyd edək ki, BDU-nun hüquq fakültəsini bitirən Vüsalə İldırımzadəni hələ uşaqlıqdan incəsənətə, modaya olan marağı bu sahəyə yenidən gətirib. Bu işə peşəkar kimi sahib olmaq üçün xüsusi təhsil alan gənc modelyer hazırda "University of theArts London"da oxuyur.