Yay mövsümündə təzə meyvə və tərəvəzlərin bolluğu sağlam qidalanmaq üçün əlverişli imkan yaradır. Mütəxəssislər isə bu məhsullar arasında ən faydalı hesab olunanları açıqlayıblar.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, böyürtkən, moruq, çiyələk və qaragilə kimi meşə meyvələrinin yüksək antioksidant və lif tərkibinə görə ən sağlam meyvələr hesab olunduğu bildirilib.
Mütəxəssislər əlavə edir ki, bu meyvələr orqanizmdə iltihablarla mübarizə aparmağa kömək edir və xərçəng də daxil olmaqla bir sıra xəstəliklərin riskini azalda bilər. Bundan əlavə, onların tərkibində şəkər az, lif isə çox olur.
Üzüm, qovun, yemiş və papaya kimi meyvələrin isə daha çox şəkər və karbohidrat ehtiva etdiyi vurğulanıb. Bu meyvələrin antioksidant səviyyəsi meşə meyvələri ilə müqayisədə daha aşağıdır. Mütəxəssislər bildirirlər ki, həddindən artıq şəkər qəbulu qanda şəkərin sürətlə yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər.
Tərəvəzlərə gəlincə isə, dietoloqlar yaşıl yarpaqlı tərəvəzləri ilk sırada göstəriblər. Xüsusilə ispanaq və kələm vitamin, mineral və kalium baxımından zəngin olduğu üçün qan şəkərinin tənzimlənməsinə kömək edir və 2-ci tip diabet riskini azalda bilər.
Mütəxəssislər meyvələrin həm təzə, həm də dondurulmuş formada istehlak edilə biləcəyini qeyd ediblər. Onların sözlərinə görə, dondurulmuş meşə meyvələri də qida dəyərini yaxşı saxlayır və bəzən bəzi vitaminlər baxımından təzə məhsullardan geri qalmır.
Bununla yanaşı, dietoloqlar balanslı qidalanmanın ayrı-ayrı məhsullardan daha vacib olduğunu vurğulayıblar. Onların fikrincə, ən yaxşı meyvə və tərəvəz insanın sevərək və müntəzəm şəkildə istehlak etdiyi məhsullardır.
Mütəxəssislər nişasta ilə zəngin olan ağ kartofun isə daha az istehlak edilməsini tövsiyə ediblər. Xüsusilə kartof qızardılan zaman əmələ gələn akrilamid adlı maddənin sağlamlıq üçün zərərli ola biləcəyi bildirilib.