Gənc ifaçı Bəhlul İbrahimlinin ilk albomu işıq üzü görüb.
Axşam.az-ın məlumatına görə, “Çakal” adlanan diskdə üç mahnı yer alıb: “Reytinqin bitdi”, “Dəyərsiz”, “Çakal”.
Albomundan danışan Bəhlul mahnılarının seviləcəyinə inandığını deyib. Musiqi sevgisindən söz açan müğənni bildirib ki, tamaşaçılar onu “Azərbaycanın səsi” müsabiqəsindən tanıyır:
“Orada əməkdar artist Elza Seyidcahanın tələbəsi idim. Haqsızlığın və maddi dəstəklərin çox olduğu yerdə mən ancaq iki həftə qala bildim. Müsabiqə mənə çox imkanlar yaratmayıb. Tamaşaçı məni yetərincə görə, səsimi eşidə bilmədi. Heç proqramın reytinqi də yox idi. Çıxış saatlarım da yaxşı deyildi. Amma bunu da danmıram ki, “Azərbaycanın səsi” mənə ilk dəfə peşəkar səhnəyə çıxmaq imkanı verdi. Başqa bir şey vermədi, vaxtımı itirdim. Amma bu vaxt itkisinə heyfslənmirəm. Öz ayaqlarım üstündə durub, nələrsə etmək üçün vaxt itkisi verməyə məcbur idim”.
İddialı danışan Bəhlul şou-biznesdə heç nədən və heç kimdən çəkinmədiyini söyləyib:
“Kimdən əskiyim var? Burada baş çıxartmağa ehtiyac yoxdur, beynim, düşüncələrim və maraqlı ideyalarım məni hərəkət etdirəcək. Hazırda şou-biznesdə o qədər zəiflikdir ki... Zirvə boş qalmaqdan yoruldu, mənim "bomba" işlərim gəlir. Mən özüm gündəm olacam. Qalmaqalla, söz atmaqla gündəmə gəlməyi zəif insanlar edir”.
B.İbrahimli musiqi təhsilindən danışıb:
“Musiqi qanımda olduğu üçün bu işlə 3 yaşımdan məşğulam. 11 yaşımda musiqi məktəbinə daxil olmuşam. Amma orta təhsillə kifayətləndim, davam etdirmədim. Etmərəm dediyim şeyləri belə sənət üçün edəcəyəm. Məqsədlərim, xəyallarım çoxdur. İndi bir-bir onları gerçəkləşdirməyin vaxtıdır”.