Hacıbaba Hüseynovun xatirəsi anılıb

Hacıbaba Hüseynovun xatirəsi anılıb
3095 dəfə oxunub
  • A-
  • A
  • A+

Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda görkəmli muğam ifaçısı, Xalq artisti Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi münasibətilə ədəbi-musiqili tədbir keçirilib.

Axşam.az xəbər verir ki, sənətkarın 100 illik yubileyinə həsr olunmuş tədbir Prezident İlham Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq təşkil edilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi H.Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhfələrdən söz açıb.

Gecədə iştirak edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, Əməkdar incəsənət xadimləri, xanəndə Aqil Məlikov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, qəzəlxan-şair Hacı Arif Buzovnalı və başqaları Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşüb, unudulmaz sənətkarın muğam sənətimizdə öz dəst-xətti olduğunu vurğulayıblar.

Çıxışlar zamanı həmçinin Hacıbaba Hüseynovun muğam sənətimizdə pedaqoji fəaliyyəti ilə bağlı fikirlər söylənilib, sənətkarın təsnif və qəzəl yaradıcılığının özünəməxsusluğu qeyd olunub.

Xalq artisti Səkinə İsmayılova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, muğam müsabiqəsinin laureatları Almaxanım Əhmədli, Hüseyn Məlikov, Məmməd Nəcəfov və başqalarının rəngarəng ifaları izləyicilərin könlünü oxşayıb. Gecədə həmçinin ustad xanəndənin Azərbaycan Televiziyasının “Qızıl fondu”nda saxlanılan gözəl ifaları təqdim edilib.