Dünən Xəzər rayonunun Mərdəkan Mədəniyyət sarayında “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavinləri, bir sıra rayonların icra hakimiyyətinin rəhbərləri, regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri iştirak ediblər.

Qonaqlar əvvəlcə Mədəniyyət sarayının həyətində nümayiş etdirilən xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkası ilə tanış oldublar. Sərgi regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonların xalq sənətkarlığını, mədəni irsini, incəsənətini əks etdirib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev nazirliyin təşəbbüsü ilə reallaşan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Dedi ki, regionlararası əlaqələrində mədəniyyətin xüsusi rolu var.

Diqqətə çatdırıldıb ki, regionlararası mübadilədə mühüm əhəmiyyət kəsb edən festival Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşib. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb olub. Yerli icra orqanlarının da dəstəyi ilə reallaşan bu layihə ölkəmizin bütün regionlarını əhatə etməklə onların mədəni zənginliyi və sənətkarlıq irsi ilə bir festival meydançasında tanış olmaq imkanı yaradıb.

Daha sonra regional mədəniyyət idarələrini təmsil edən və festivalda fərqlənmiş musiqi kollektivləri və incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

 
 
 
 
 


                 

Digər