Avqustun 31-dən sentyabrın 14-dək “Canlandır” teatr layihəsi keçirilib.

Axşam.az xəbər verir ki, layihənin əsas məqsədi yeni teatr pyeslərinin yazılmasına təkan vermək, onları teatr rejissorlarına göstərib, gələcəkdə səhnələşdirilməsini təmin etmək olub.  Layihə çərçivəsində pyes yazmaq üzrə təlim, aktyorlar üçün kastinq, yeni pyeslərin səhnəli oxunuşu həyata keçirilib.

Tədbirdə 5 yeni pyes - Anar Qasımovun “Mars”, rejissor Əfsanə Yusifova, Fərqanə Qədimovanın “Oyun”, rejissor Ülviyyə Əhmədova, Zərif Bəkirovanın “Sülh danışıqları”, Şəms Baxşəliyevanın “Başqaları”, rejissor Aylə Bəhramqızı və Tacirə Mahmudovanın “Görüş” əsərləri səhnələşdirilib. Pyeslərdə cəmiyyətdəki ayrı-seçkilik, dünyada sülhün bərqərar olması, xəyanət və keçmişi qaytarmağın çətin olması kimi mövzulara toxunulub.

Qeyd edək ki, pyeslər 3 gün ərzində yazılıb və 10 gün ərzində tələbə, həvəskar aktyorlar tərəfindən səhnələşdirilib.

Bu, layihədə iştirak edənlərin əksəriyyəti üçün ilk teatr təcrübəsi olub. Aktyor Vüsal Cavadzadə bildirib ki, onun üçün bu, teatrda ilk addımlar idi və bundan sonra teatra həvəsi daha da artıb. “Oyun” pyesinin müəllifi Fərqanə Qasımova isə deyib ki, o nə vaxtsa yazdığı əsərin səhnələşdirilə biləcəyini təsəvvür etməyib.

Tədbir “Salaam Cinema”da keçirilib. 150-yə yaxın tamaşaçı açıq havada teatr performanslaırını  izləməkdən zövq alıb.

Layihə Niderland Krallığnın Azərbaycandakı Səfirliyi və "ABŞ Təhsilli Azərbaycan Məzunları" İB tərəfindən dəstəklənib. Layihənin koordinatoru və  ideya müəllifi Zərif Bəkirovadır.

 
 
 
 
 


                 

Digər