Ramiz Əzizbəyli reanimasiyaya yerləşdirildi - fotolar

Ramiz Əzizbəyli reanimasiyaya yerləşdirildi - fotolar
2914 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, rejissor və aktyor Ramiz  Əzizbəyli bu dəqiqələrdə Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasına yerləşdirilib.

Hazırda sənətkar müayinə edilir. Bu barədə Bakupost.az-a R.Əzizbəylinin dostu, “Adəm” adına Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının rəhbəri Nicat Əsgərov məlumat verib. O bildirib ki, müayinədən sonra həkimlər sənətkara dəqiq diaqnoz qoyacaqlar:

“Hər kəsi tanıyır, eşidir, lakin danışmaqda çətinlik çəkir. Demək olar ki, danışmır. Fevralın 9-da qəzadan sonra halı pisləşdi. Həkim çağırdıq. Həkimlər xəstəxanaya yerləşdirməyi məsləhət gördülər, lakin Ramiz müəllim razı olmadı. Evdə müalicə olunurdu. Düşünürdük ki, yaxşı olar. Amma son günlər vəziyyəti lap pisləşdi, kritik hala çatdı”.

Yaşadığı ərazidə avtomobil qəzası keçirən sənətkar maddi çatışmazlıq səbəbindən indiyədək xəstəxanaya yerləşdirilməyib. Bunu onun ailə üzvləri bildirib.

Qeyd edək ki, movqe.az saytının əməkdaşı bir gün öncə xalq artistinin evindən reportaj hazırlayıb. Jurnalistin yazdığına görə, bir neçə ay əvvəl iflic olub yatağa düşmüş xalq artisti, Azərbaycanın sayılıb, seçilən rejissorlarından Ramiz Əzizbəylinin səhhəti ağırdır. Baxımsızlıqdan, diqqətdən kənarda qalsa da, neçə-neçə əsərə ekran həyatı bəxş etmiş sənətkarın qüruru kimdənsə imdad istəməyə, yardım üçün müraciət etməyə imkan vermir. Əslində, onun kimdənsə kömək istəyəcək halı da yoxdur.

Saytın əməkdaşları Ramiz Əzizbəylinin son durumu barədə oxuculara məlumat vermək üçün sənətkarın evində olub. Xalq artistinin övladları, nəvələri yatağı başında növbə çəkir, sənət yoldaşı Azad Şükürov da onu yalnız qoymur.

Ağır xəstə yatağında belə gözləri işıldayan, sağalmaq üçün mübarizə aparan Ramiz Əzizbəylinin son durumuna kövrəlməmək olmur. Onu ağır xəstə yatağında, diqqətdən kənar görmək çox ağırdır. Açığı, bu mənzərə ilə barışmaq olmur. Mədəniyyət xadimlərinin daim hər bir qayğı ilə əhatələndiyi ölkəmizdə Ramiz Əzizbəyli kimi əsl sənətkarın diqqətdən kənar qalması ürəkaçan olmadığı qədər də, heyrət doğurur.

Sağlığında qiymət verək sənətkara – bu məqamda yerinə düşən ibarədir.

Ailəsi də bu mənzərəyə qürurla səbr etsə də, hər cür imkansızlığa rəğmən sabah səhər tezdən sənətkarı xəstəxanaya yerləşdirəcək.