"Xaricdə yaşasam, açıq-saçıq filmlərə çəkilərəm"

"Xaricdə yaşasam, açıq-saçıq filmlərə çəkilərəm"
5706 dəfə oxunub
  • A-
  • A
  • A+

“Gündəlik Teleqraf”ın suallarını bu dəfə Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Günel Məmmədova cavablandırdı.

Qısa arayış:

 Günel Məmmədova 12 mart 1987-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib.

Elə həmin ildən də Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Teatr səhnəsində “Çimnaz xanım yuxudadır” , “Viktoriya” (Viktoriya), “Romeo Cülyetta” (Cülyetta), “Oliver Tvistin məcaraları” (Nensi), “Mən səni sevirəm” (Reyhan), “Çəkməli pişik” və s. tamaşalarda müxtəlif obrazlar canlandırıb. Kinoda “Yalan” filmiylə başlayan uğuru “Aktrisa”, “Tərsinə çevrilən dünya”, “Yuxu yaddaşı”, “Kişiləri qoruyun” filmləri ilə davam etdi. 
Aktrisa Viktoriya roluna görə  Gənclər və İdman Nazirliyi tərəfindən “İlin aktrisası” nominasiyasında mükafata layiq görülüb. Hazırda “Ləkə” serialında baş rollardan birini oynayır.

- Deyəsən, müsbət qəhrəman obrazından çıxmağa qərara aldınız. Son ekran işlərinizdə fərqli ampluada qarşımızdasınız.  “Ləkə”nin Arzusu sizi qane edir?

- Ssenarini oxuyanda Arzu obrazı  məni özünə cəlb etdi, təsirləndim. Arzu çoxqatlı, mürəkkəb obrazdır, bir aktrisa üçün oynamağa kifayət qədər material var. O, nə mələkdir, nə də iblis. Ətrafında sevimli rəfiqəsi, onu çox sevən əri, oğlu olmasına baxmayaraq, tənhadır. Bu onun ən böyük bədbəxtçiliyidir. “Ləkə”nin artıq 6 seriyası yayımlanıb. Arzunu hazırda tamaşaçılar mənfi obraz kimi tanıyır. Amma onu bu duruma salan təfsilat bir neçə seriyadan sonra bəlli olacaq. Onun ailə qurmamışdan öncəki həyatı, ailəliykən ərinə xəyanətinin səbəbi növbəti seriyalarda üzə çıxacaq. Əslində bir tərəfdən Arzunu tənqid edirəm, digər tərəfdən ona ürəyim yanır. Həyatında bircə dəfə əhatə olunduğu qəfəsdən azadlığa çıxmağa, xoşbəxt olmağa çalışıb. Amma bacarmayıb, onu yenə qəfəsə salıblar.

- “Ləkə”nin reytinqi yüksəkdir. Bunu nəyə bağlayırsınız?

- İlk seriyanın belə yüksək reytinq qazanacağını biz - yaradıcı heyət heç gözləmirdik. “Ləkə”nin ssenarisini türkiyəli Battal Qazi Karabulak yazıb, rejissor Kənan Mahmudov çox gözəl quruluş verib. Aktyor heyəti də maraqlı oyun nümayiş etdirib, yəni bütün bu keyfiyyətlərinə görə seriala inanırdıq, tamaşaçıların onu rəğbətlə qarşılayacağını təxmin edirdik. Amma belə yüksək reytinqi ilk seriyadan qazanacağını təsəvvür etmirdik.

- Bu uğuru piar kampaniyasının güclü olmasıyla əlaqələndirmək olarmı?

- Bütün efirlərdə yayımlanan serialların tanıtımı gedir. Amma serial yalnız bir seriyadan ibarət deyil, öncə insanları cəlb edən serial sonradan gözlənilən nəticəni əldə etməyə də bilər. Bu baxımdan “Ləkə” ilk seriyadan indiyə qədər reytinqdə birinci yerdədir.

- Mediada yayılan məlumata görə, türk serialına da çəkiləcəksiniz. Doğrudurmu?

- Ötən ilin oktyabr ayında Türkiyənin “Nev yapım” prodüser şirkətinin rəhbəri Gülsün Çetinakaya və Zəhra Talıbova Bakıya gəldi. Onlar Azərbaycan və Türkiyə tarixinin əks olunduğu “Dağ qartalları” adlı serial çəkmək niyyətində idilər. Kastinqlər keçirildi və həmin serialda Sarı gəlin obrazı mənə həvalə olundu. Bildiyim qədər, hazırda serialın hazırlıq mərhələsidir. Artıq yayımlanacağı kanal da müəyyənləşib. Gözləyirik.

- Bizim aktyorların xarici ölkələrin film və seriallarında iştirak göstəricisi yüksək deyil. Bunu nə ilə  əlaqələndirirsiniz?

- Deyə bilmərəm ki, bizim aktyorlar zəifdir. Bəli, zəif aktyorlarımız var, amma çox güclü aktyorlarımız da az deyil. Yoxsa Fəxrəddin Manafov, Mehriban Zəki, Rasim Cəfərov kimi aktyorlar xarici ölkələrdə, xüsusilə Moskvada film və seriallara çəkilməzdilər. Çəkilişləri başa çatan “Bakı, mən səni sevirəm” layihəsində də çoxlu sayda azərbaycalı aktyorlar iştirak edib. Mən həmin layihədə italyan rejissoru Andre Badalonun novellasında rol almışam.
Bilirsiniz, bütöv bir sistem qurulmalıdır. Aktyor və aktrisaların piarı aparılmalı, agentliklər yaradılmalıdır. Məsələn, xarici ölkələrdə aktyor və aktrisalar xüsusi agentliklərlə işləyirlər. Agentliklər onlarla müqavilə bağlamış aktyorları həm KİV-də, həm də plan əsasında təbliğ edir, önə çəkirlər. Məsələn, “Aktrisa” filmində oynayan Alisa Kaçeri rejissor Rövşən İsax məhz saytlar vasitəsilə tapıb. Bizdə bu sistem yoxdur, ona görə xaricilər bizim aktyorları tanımırlar.
Bizim fotolarımız burda fəaliyyət göstərən bir-iki prodüser mərkəzlərində saxlanılıb, qurulan əlaqələrin də əksəriyyəti məhz bu yolla olur. Bildiyim qədər, bir ara Azərbaycanda Aktyorlar Gildiyasının yaratdığı sayt fəaliyyət göstərirdi, indi, deyəsən, daha işləmir. Başqa tərəfdən, aktyorlarımız haqda internetdə, elə vikipediyanın özündə belə, səhv məlumatlar yerləşdirilir. Aktyorların tanınması baxımından serialların mühüm əhəmiyyəti var. “Ləkə” mənim “Sirr”dən sonra çəkildiyim ikinci serialdır. Seriallara qədər xeyli sayda filmlərə çəkilsəm də, tamaşaçılar məni daha çox “Ləkə”dən tanıyırlar.

-“Aktrisa”dan söz düşmüşkən, məndə olan məlumata görə, siz həmin filmdə baş rolu oynaya bilərdiniz. Amma açıq-saçıq səhnələrə görə razılaşmamısınız.

- Doğrusu, “Aktrisa” filmində rejissor Rövşən İsax məni bir az qorxutdu.  Orda baş qəhrəmanın çimərlik geyimində səhnəsi vardı. Məhz o səhnəyə görə roldan imtina etdim.

- Türkiyədə “Türkan Şoray qanunları” deyə qanunlar mövcuddur. O qanunların səhv etmirəmsə, 4 ya 5-ci bəndi “öpüşmə və açıq səhnələrin olmaması” barədədir. Amma Türkan xanımın Bakıdakı görüşündə söylədiklərindən belə başa düşdüm ki, daha belə düşünmür. Ümumiyyətlə, aktrisa üçün qaydaların, tabuların olması nə dərəcədə doğrudur?

- “Aktrisa” filminin qaralama versiyası hazır olanda Rövşən müəllim mənə materialı təqdim etdi. Və xüsusilə o səhnəni göstərdi. Düzünü deyim, peşman oldum. O film mənə dərs oldu və mənə elə gəlir ki, bəzi qaydalarımı sındıra bilmişəm.    

- Əslində o səhnələrin vizual həlli rejissorun estetik zövqünü nümayiş etdirir. Görünür, aktrisalar bir az da rejissorlara güvənməlidirlər.

- Doğrudur. Bilirsiniz, əslində açıq-saçıq səhnələrdə oynamamağımın bir səbəbi də bizim cəmiyyətdir. Hələ mən Arzunu oynadığıma görə tamaşaçıların etirazları ilə qarşılaşıram. Tamaşaçılar serialın sosial şəbəkələrdəki səhifələrində  Arzuyla bağlı birmənalı fikirlər səsləndirmirlər. Yəni, bizim cəmiyyət aktrisanı onun oynadığı rola görə qiymətləndirir. Amma xaricdə belə deyil. Ona görə hələ də çərçivələrimi saxlamışam.

Bayaqkı sualınıza cavab olaraq, düşünürəm ki, o sayaq səhnələrin olması çox normaldır. Hazırda Türkiyənin özündə belə, açıq səhnələrdən istifadə olunur. Hələ digər ölkələri demirəm. Sadəcə, özüm hazır olmalıyam. Çünki mən tək deyiləm. Valideynlərim var, gələcəyim var, həyat yoldaşım olacaq. Yəni, bütün bunları nəzərə alsaq, hazırkı mühitdə mən o səhnələrdə çəkilmərəm.

- Belə başa düşdüm ki,  xarici ölkələrdə olsaydın,  razılaşardın.

- Əgər orda qalası olsam, bəli, razılaşaram. Bizim qəribə psixologiyamız var. Hamımız Türkiyə, Rusiya, İtaliya seriallarına baxırıq və ordakı həmin səhnələrin olmasını normal qəbul edirik. Amma özümüzdə olanda top atəşinə tuturuq.

- Teatrda işləriniz necədir? Serial və filmlər teatr işlərinə mane olmur ki?

- Teatrda bu yaxınlarda “4 əkiz qardaşlar” tamaşasını təhvil verdik, orda baş qəhrəmanı oynayırdım. Qismət olsa, xorvatiyalı rejissorun səhnələşdirdiyi “Buratino” tamaşasında Malvina obrazını canlandıracam. Hazırda serial və filmlərdə çəkilməyim, əlbəttə, teatrdakı işlərimə təsir göstərir, amma bütün hallarda ortaq məxrəcə gəlməyə çalışıram.

- Aktrisaların əksəriyyəti seriallarda onlara verilən qonorarın məbləğindən narazılıqla danışırlar. Qonorarınız sizi qane edirmi?

- Bu aktyorların özündən asılıdır. Əgər kimsə sənin pulunu az verirsə, razılaşmayıb, o roldan  imtina edə bilərsən. Problem odur ki, bizim aktyor və aktrisaların çoxu çəkilmək xatirinə az qonorara razılaşırlar. Hətta bəzi insanlar pulsuz belə, rol ifa edirlər. Bəlkə də kiminsə xətrinə pulsuz çəkilmək olar, amma çəkilmək xatirinə pulsuz çəkilməyi qəbul etmirəm. Təəssüflər olsun ki, aktyor və aktrisaların əksəriyyəti belədir. Onlar ümumi qonorar sistemini də aşağı salırlar. Şəxsən mən heç vaxt qonorarın məbləğinin aşağı düşməsinə imkan vermirəm, çünki bilirəm ki, bir dəfə aşağı qonorarla çəkilməyə  razı olsam, bu, belə də davam edəcək. Açığı deyirəm, mənim də çox sıxıntılarım olub, amma dözmüşəm, razılığımı verməmişəm.