Habil Əliyevin xatirə gecəsi keçirildi

Habil Əliyevin xatirə gecəsi keçirildi
636 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində görkəmli kaman ustası, Xalq Artisti, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyevin xatirə gecəsi keçirilib.

Axşam.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində sənətkarın həyat yolundan bəhs edən fotosərgiyə baxıblar.

Tədbirin aparıcısı yazıçı-publisist Əjdər Ol sənətkarın keçdiyi həyat yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, bənzərsiz ifaçılıq məharətindən geniş söz açıb. Bildirib ki, bu tədbir Habil Əliyevin ölümündən sonra onun xatirəsinə həsr edilmiş ilk tədbirdir.

Qeyd edilib ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşaraq el arasında geniş şöhrət tapıb.

Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənən Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını olduqca yüksəkliklərə qaldırıb. Daim öz üzərində işləyən sənətkar Azərbaycan mədəniyyətinə sanballı töhfələr verib.

Vurğulanıb ki, Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu. Habil Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Çahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı bəxş edib. Kaman ustasının keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Ə.Vəliyev vurğulayıb ki, Habil Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilib. O, dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.

Nazir müavini bildirib ki, Habil Əliyevin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Gecədə tanınmış və gənc xanəndələrin ifasında Habil Əliyevin bəstələri, eləcə də xalq mahnıları və muğamlarımız səsləndirilib.