Daha iki millət vəkili İlhamə Quliyevaya etiraz etdi

Daha iki millət vəkili İlhamə Quliyevaya etiraz etdi
3053 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti İlhamə Quliyevanın deputat həmkarı Çingiz Qənizadəyə qarşı hədə-qorxu gəlməsi və şantaj etməsi millət vəkilləri tərəfindən pislənməkdə davam edir.

Axşam.az xəbər verir ki, publika.az-a bu barədə narazılıqlarını ifadə edən millət vəkili Aqil Abbas Ç.Qənizadənin boş söz demədiyini və səsləndirdiyi fikirlərin hüquqa söykəndiyini bildirib:

“Çingiz Qənizadə  millət vəkili olmağı ilə bərabər, hüquqşünasdır, özü də çox təcrübəli bir hüquqşünas. Və o nə dediyinin fərqindədir, heç vaxt boşuna söz söyləməz. Çingiz Qənizadə məhkəmənin qərarı ilə bağlı hüquqi nöqteyi-nəzərdən fikirlərini bildirib, eyni zamanda, milli-mənəvi dəyərlərimizə hörmət olunmasını tələb edib. Burada hüquqa zidd heç bir hərəkət yoxdur. Digər tərəfdən İlhamə Quliyevanın xətrinə dəyəcək söz deməyib. Çingiz Qənizadəni xalq seçib və xalqın seçdiyi bir millət vəkilinə hədə-qorxu gəlmək olmaz”.

Millət vəkili Kamilə Əliyeva  ümumiyyətlə, bir çox xalq artistlərinin bu gün hədlərini aşdıqlarını bildirib:

“Bu gün bir çox xalq artistləri var ki, bu fəxri titula layiq deyillər. Bu fəxri ad onlara Prezidentin imzası ilə verilir, onlar bu adı layiqincə daşımağa borcludurlar. “Xalq artisti” adı insanlara yalnız səsinə görə deyil, mədəniyyətinə, əxlaqına görə verilir. Bu ada layiq olmayanlar bu addan məhrum olunmalıdırlar. Mən Çingiz Qənizadənin mətbuatda dərc olunan fikirlərini izlədim. Haqlı fikirlərdir. Cəmiyyətdə tanınan insanlar özlərini ləyaqətlə aparmağı bacarmalıdırlar. Çingiz Qənizadə seçicilərinin hörmətini qazanan gözəl millət vəkili və peşəkar hüquqşunasdır. Onu xalq seçib və statusunu da heç kim əlindən ala bilməz. Ona qarşı yönələn bu hədə-qorxu və şantajı pisləyirəm”.  

Xatırladaq ki, İlhamə Quliyeva “Qafqazinfo”ya açıqlamasında Çingiz Qənizadəni hədələyib: “Əgər Çingiz Qənizadə bir də mənim şərəf və ləyaqətimə toxunsa, ölkə prezidentinə müraciət edəcəyəm ki, bu barədə ölçü götürsün. O ağlını başına yığsın, öz işi ilə məşğul olsun”.