Əməkdar artistin Belarus uğuru

Əməkdar artistin Belarus uğuru
349 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, Əməkdar Artist Nigar İbrahimova Minskdə - Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, anşlaqla baş tutan Adolf Adanın “Jizel” baletinin tamaşasında N.İbrahimova Jizel obrazını canlandırıb. Tamaşada aktrisanın tərəf müqabili Qraf Albert partiyasında isə Belarusun Xalq Artisti İqor Artamonov çıxış edib. Çox güclü və inkişaf etmiş klassik balet ənənələrinə malik olan Belarus Opera və Balet Teatrında azərbaycanlı balet ustasının uğurlu çıxışı maraqla qarşılanıb.

Həmyerlimizin yüksək səhnə məharəti və yaratdığı obraz barədə Belarus teatrının veb-saytı ilə yanaşı, bir çox elektron KİV, qəzet və televiziya kanallarında çoxlu xoş sözlər yazılaraq, çıxışına yüksək qiymət verilib. Tamaşadan sonra Nigar İbrahimovanın ifası haqqında xoş sözlər söyləyənlərdən biri də onun tərəfmüqabili Xalq Artisti İ.Artamonov olub:

“Nigar İbrahimova balet artisti üçün vacib olan bir çox yüksək göstəricilərə - gözəl xarici görkəm, yüksək texnika və artistizm, temperament, nadir plastika və s. malikdir. Heç bir mübaliğəyə yol vermədən demək istəyirəm ki, hazırda o klassik balet sənətinin ən parlaq ulduzlarından biri sayıla bilər. Onun bugünkü çıxışı təkcə tamaşaçılarda deyil, həm də balet truppamızın artistlərində xoş təəssürat yaratdı”.