"Yuğ" Kukla Teatrına köçdü

"Yuğ" Kukla Teatrına köçdü
605 dəfə oxunub
  • A-
  • A
  • A+

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Yuğ” Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.

Xəbər verdiyimiz kimi Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” Teatrının binasının da sökülməsi nəzərdə tutulub.

Nazirlikdən Axşam.az-a bildirilib ki, bununla bağlı teatrın kollektivi 2016-cı il fevralın 1-dən Kukla Teatrının binasında yerləşdirilib. Kukla Teatrının rəhbərliyi “Yuğ” Teatrının peşəkar səviyyədə tam qüvvəsi ilə fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıb. Bundan sonra “Yuğ” Teatrının tamaşaları Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaq.

Toplantı zamanı nazir müavini Ə.Vəliyev məsəlinin mahiyyətini bütün təfsilatı ilə kollektiv üzvlərinə açıqlayıb, yaradıcı heyəti teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı narahat edən və gündəmdə olan suallara cavab verib.

Görüşdə tamaşaların hazırlanması və istismarı prosesində ortaya çıxacaq bütün məsələlər ətraflı müzakirə olunub. Teatrın kollektivi son vaxtlar onları narahat edən məsələlərə tam aydınlıq gətirildiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlıqlarını bildirib.

“Yuğ” Teatrı tezliklə yeni məkanda tamaşalarını teatrsevərlərə təqdim edəcəkdir.