"Rüstəm İbrahimbəyov getsin filmini çəksin" - Elza

"Rüstəm İbrahimbəyov getsin filmini çəksin" - Elza
3468 dəfə oxunub
  • A-
  • A
  • A+

Elza Seyidcahanla müsahibəyə yollanarkən şəhər sakinləri arasında mini-sorğu keçirmək qərarına gəldim. Yolboyu münasib bildiyim insanlara yaxınlaşıb onlara bu sualı verdim: “Elza Seyidcahanı tanıyırsınızmı?”

Sualıma demək olar ki, hər kəs “hə” cavabını verdi. Bəziləri onun müğənni, bəziləri bəstəkar, bəziləri isə Zaurun “Səni tanıdım” verilişindəki jüri olduğunu dedi. Xanımlar onun geyimindəki fərqliliyi, xüsusilə ayaqqabılarını taykeş geyməsini (Elza xanım bir müddət səhnə üçün hər tayı ayrı-ayrı rəngdə olan ayaqqabılar sifariş edirdi), bəylər isə xanım sənətçinin saç düzümünün daha orjinal olmasını önə çəkdilər. Onun mahnılarını, özünəməxsus konsert proqramları ilə gündəmdə qaldığını da dilə gətirənlər oldu. Elza xanımla söhbətim zamanı da elə virtualaz.org adından ilk sualım onun konsertləri ilə bağlı oldu.

- Elza xanım, tamaşaçılar sizin konsertlərinizı niyə birmənalı qarşılamır?

- Tarixə nəzər salsaq görərik ki, heç Nəsimininin də ideyalarını qəbul etmirdilər, onu başa düşmürdülər. Və elə ona görə də onu çarmıxa çəkdilər, diri-diri dərisini soydular. Çox uzağa getməyək, Alim Qasımovu götürək. Dünya şöhrətli muğam ustadımızdır. Bir zamanlar onun da sintezini, muğama gətirdiyi yeniliyi bəyənmirdilər. Amma indi Alimin səsini eşidən kimi bəh-bəhlə dinləyirlər. Mənim konsertlərimə gəldikdə isə bu konsertlərin adında bir fəlsəfə gizlənir. Baxın, mən heyvanlara konsert verəndə haqqımda dedilər ki, dəliyəm. Yadınızdadırsa, “Elzanın yaşıl dünyası” adlı solo konsertim olmuşdu. Konsertdən həmən sonra ağac da əkdim. Konsertimin adına uyğun olaraq atdığım addımlara fikir verilsin gərək. Təbiət mövzusuna çox adam müraciət edib. Çoxları məni lağa qoyur, dəli deyir. Amma kimsə bunları analiz etmək istəmir. Yəni bir sözlə, mənim konsertlərimin əksər adlarının mənasında fəlsəfə dayanır. İyulun 27-də Mərdəkanda “Bir damcı su” adlı konsert verəcəm. Su həyatdır. İnsan dünyaya su ilə gəlir, su ilə də dünyasını dəyişir. Yer yeganə planetdir ki, suyu var. Alimlərimiz bir damcı su ilə eksperimentlər keçirirlər və s.

- Elçin İmanov Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şerinə mahnı bəstələmişdi. Yenidən o şerə mahnı bəstələməyə niyə ehtiyac duydunuz?

- Mən o şeri oxuyanda çox hiddətləndim. Hiddətimin sonucu olaraq həmin şerə mahnı bəstələdim və oxudum. O mahnıda haray var, etiraz var, kin var, qəzəb var... Mahnını dinləmisinizsə, orada olan gülüşlər yadınızda qalmalıdır. Mahnının əsas mahiyyəti həm də o gülüşlərdədir. O gülüşlər Mikayıl Müşfiqi öldürən əsgərlərə bir etirazdır, bu faciə ilə barışmazlıqdır. Bəziləri o mahnının mənasını anlamadığı halda haqqımda yazdılar. Mən həmin şəxsləri məhkəməyə verə bilərdim. Amma humanistlik elədim.

- Əsasən hansı şairlərlə işləyirsiniz?

- Qənirə Paşayeva, Gülağa Tənha, Azər Şirin.

- Müsahibələrinizin birində oxumuşam ki, qalmaqallardan nə qədər qaçsam da gəlib məni tapır...

 - Hə, qalmaqaldan nə qədər uzaq olmaq istəyirəmsə, nə qədər qaçıramsa, gəlib yenə də məni tapır. Elə bil ayaqları var, qarabaqara izləyir məni (gülür). Onu da deyim ki, məni qalmaqala salanlar jurnalistlərdir. Bizi elə biz edən də siz jurnalistlərsiniz. Tamaşaçı bizi sizlərin təqdimatında tanıyır. Gec də olsa bayramınızı təbrik edirəm.

- Deyəsən, jurnalistlər sizi yaman qəzəbləndirir...

- Savadsız jurnalistlər məni həmişə yaman əsəbiləşdirir.

- Həmin jurnalistləri niyə məhkəməyə vermirsiniz?

- Mənim elə vaxtım yoxdur ki, başımı onlara qatım. Elə jurnalistlər var ki, ciblərinə pul basmışam, dişlərini düzəltmişəm, mobil telefon almışam. Minnət qoymaq üçün demirəm. Yəni mən jurnalistlərə qarşı həmişə yaxşı olmuşam.

- Elza xanım, tanınırsınız, dinlənilirsiniz, gündəmdəsiniz. Deyin, gündəmdə qalmaq üçün nə etmək lazımdır?

- Gündəmdə qalmaq üçün sənət nümayiş etdirmək lazımdır. Amma çoxları sənətlə yox, qalmaqalla gündəmdə qalır.

- O müğənnilər kimlərdir?

– Ad çəkməyə ehtiyac varmı?! Görünən kəndə bələdçi lazım deyil. Kim nəyi bacarır, nəyi edirsə, onunla da yadda qalır.

 - Elza Seyidcahan özünü dahi bəstəkar sayırmı?

- Xeyr. Özünə hörmət qoyan adam bu sözü dilinə gətirməz, özünə dahi deməz. Mənim tamaşaçılarım bilir ki, Elza xanım heç vaxt dar düşüncəli olub özünə dahi deməz və dedirtməz.

- Bəstəkarlar İttifaqının üzvüsünüzmü?

- Bəli.

- Bəstəkarlar İttifaqına üzv olmaq üçün nə qədər pul ödəmisiniz?

 - Nə?! Mən qara qəpik də ödəməmişəm. Bu sual hardan çıxdı? Hər adam Bəstəkarlar İttifaqının üzvü olmur. Bu xəbərləri ancaq Firəngiz xanımı sevməyənlər yaya bilər.

- Bəzi sənətkarlar deyilər ki, muğam sənəti unudulur...

- Xeyr. Muğam sənəti daha da inkişaf edir. Mehriban xanım Əliyeva muğamın inkışafında xüsusi xidmətlər göstərir. Bəstəkarlar İttifaqı bir tədbir təşkil etmişdi. Məni də o tədbirə dəvət etmişdilər. Orada muğam üstündə bir mahnı oxudum. Liviyalı musiqiçi düz çökdü, ağladı muğamımıza.

- Allaha yenə məktub yazırsınızmı?

- O məktubları uşaq olanda yazmışam. Uşaq olanda Tanrıdan istəklərimi belə ifadə edirdim, yəni dəftərimə yazaraq. 

- Müxalifət Milli Şura yaradıb. Və prezdient seçkilərinə vahid namizəd kimi Rüstəm İbrahimbəyovu seçib...

- Mən siyasətə qarışmaq istəmirəm. Heydər Əliyev Moskvaya gedəndə anam ağlamışdı. Azərbaycanın müstəqilliyinin ilk illərində mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bu sahənin tərəqqisinə yeni təkan verdi. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev cənabları da mədəniyyətiməzə, hətta digər sahələrə də xüsusi yer ayırır. Xalq İlham Əliyevə səs verəcək, mən buna əminəm. Rüstəm İbrahimbəyov isə getsin... filmini çəksin.