Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirləri başlayır

Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirləri başlayır
702 dəfə oxunub
  • A-
  • A
  • A+
Aprelin 20-də Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi tamam olacaq.

Bu barədə Axşam.az-a Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il martın 17-də sərəncam imzalayıb.

Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi Musiqili Teatrla birgə Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı tədbirlər həyata keçirəcək.

İlk tədbir aprelin 20-də baş tutacaq. Mədəniyyət və Turizm nazirliyi rəsmilərinin, Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin və Nəsibə Zeynalovanın yaxınlarının və doğmalarının iştirakı ilə gülüş ustasının Fəxri xiyabandakı məzarı ziyarət ediləcək.

Bu ilin noyabr ayında Azərbaycan Dövlət Musiqili Teatrında korifey sənətkarın yubiley gecəsi keçiriləcək.
Qeyd edək ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən biri və aktyor olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib.

Nəsibə Zeynalova 2014-cü il martın 10-da Bakı şəhərində vəfat edib.