Aktyorlar festivaldan qayıtdı

Aktyorlar festivaldan qayıtdı
530 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə Cümhuriyyətinin Trabzon şəhərində keçirilən XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında uğurla iştirak edən Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti artıq Vətənə dönüb.

Bu barədə Axşam.az-a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından bildirilib.

Məlumata görə, mayın 2-dən start götürən festivalın açılış mərasimində Türkiyə Cümhuriyyətinin Dövlət Teatrlarının baş müdiri Necat Birecik, Trabzon Böyükşəhər Bələdiyyəsinin başqanı Orxan Fevzi Gümrükçüoğlu və Trabzon valisi Abdil Celil Öz çıxış edərək, 17-ci ilinə qədəm qoyan festivalda iştirak edən teatr kollektivlərinə uğurlar arzulayıb.

Çıxış edənlər zəngin adət-ənənələrə, mədəniyyətə, ədəbiyyata sahib olan Trabzonun bu irsinin gələcək nəsillərə ötürülməsində keçirilən festivalın önəmindən danışıblar.
Çıxışlardan sonra Trabzon Dövlət Teatrı istiqamətində yürüş edən festival iştirakçılarını bir sıra tarixi qəhrəman obrazları müşayiət edib.

Festivalın ilk günü Ankara Dövlət Teatrının aktyorlarının ifasında “Nəşə, Dərd, Eşq” adlı tamaşa nümayiş etdirilib.

Festivalın ikinci günündə Azərbaycan teatrının yaradıcı heyəti Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində rumın dramaturq Matey Vişnekin “Qoca kloun” tamaşası ilə çıxış edib. Tamaşa iştirakçılar tərəfindən bəyənilib və festivalın diplomu və xüsusi mükafatına layiq görülüb.
Qeyd edək ki, 18 gün davam edəcək festivalda dünyanın bir çox ölkələrindən nüfuzlu teatr kollektivləri iştirak edirlər.