Abbas Əhməd: “Filipp Kirkorov kimi müğənnilər bizə həsədlə baxırdılar”

Abbas Əhməd: “Filipp Kirkorov kimi müğənnilər bizə həsədlə baxırdılar”
2463 dəfə oxunub
  • A-
  • A
  • A+

80-ci illərin axırı, 90-cı illərin ortalarına qədər bu müğənni Bakıda çox məşhur idi. Xüsusən gənclərin sevgi himninə çevrilmiş “Ürəyim yanar” mahnısı ilə. Amma uzun illərdir vətəndən uzaq düşüb. Gələndə də gözə görünmədən getmək istəyir.

Beləliklə, Modern.az saytının suallarını tanınmış müğənni Abbas Əhməd cavablandırır. 

– Son dəfə Bakıda nə vaxt olmusunuz?

– Bu il fevralın 1-də gəlib aprelin 28-də qayıtmışam. Son iki ildə Azərbaycana gələndə qayıdacağım vaxt bəlli olmur. Mən Rusiyada doğulmuşam, orda məktəbə getmişəm. Dördüncü sinifdə oxuyanda Bakıya köçdük.

– Sizə Bakı daha doğmadır, yoxsa Moskva?

– Mənimçün hər ikisi eynidir. Rusiyada özümü gəlmə hesab etmirəm.

– Hazırda Moskvada nə işlə məşğulsunuz?

– 1988-ci ildən 2002-ci ilə qədər “Qaya” ansamblında işləmişəm. Rəhbərimiz Teymur Mirzəyev Azərbaycandan gedəndən sonra ansambl dağıldı və mən də Moskvaya getdim. Bildiyiniz kimi, indi əksər müğənnilər korporativ məclislərdə iştirak edirlər. Məsələn, bu il mayın 16-da Rusiya Dövlət Dumasının sədr müavininin ad günü idi. Onun məclisini mən aparmışam. Çox yaxın dostuq. Yəni restoranda korporativ məclislərdə iştirak edirəm.

– 12 ildir Moskvadasınız. Niyə Rusiyanın sənət aləminə, şou-biznesinə qoşulmursunuz?

– 2003-cü ildə belə bir imkan var idi. Amma şərtlər məni qane etmədi. Bir həmyerlimiz təklif elədi ki, səni Rusiya şou-biznesinə qoşaq. Məsələn, orda “Nepara” qrupu, Avraam Russo müqavilə ilə işləyirdi. Amma mənim üzvü olduğum “Qaya” ansamblı Rusiya şou-biznesindən səviyyəcə çox yuxarıdır. Biz Moskvaya gələndə Kirkorov kimi müğənnilər bizə həsədlə baxırdılar.

– Niyə razı olmadınız?

– Orda müqavilələr 4-5 illikdir. Sənin üzərinə 4-5 milyon avro pul qoyulur, amma özünə ayda 1000-2000 dollar çatır. Gecə də, gündüz də səni hara istəsələr apara bilərlər. Bu yaşayış deyil ki! Yaşım da imkan vermirdi. 1960 təvəllüdəm. Moskvaya gələndə yaşım qırxı keçmişdi.

– Rusiyada müğənnilərin qonorarı nə qədərdir?

– Məsələn, orda hazırda ən bahalı iki sənətçi var: Stas Mixaylov və Vaenqa. Bu müğənnilərin bir çıxışı 150 min avrodur. Stas Mixaylovu hansısa məclisimizdə görmək istəsək, 100 min avroya gəlsə, çox yaxşıdır.

– Bəs Kirkorov?

– Təxminən 50 min avro. Düzdür, Rusiyada həmişə Kirkorov, Puqaçova və Qalkin ən bahalı olublar. Qalkin tamada kimi gəlir. 

– Rusiyada bir müğənnini ortaya çıxarmağa nə qədər pul lazımdır?

– Ən azı 5 milyon avro. Amma Stas Mixaylovun səviyyəsinə çatmaq üçün 20 milyon lazımdır.

– Nadir Qafarzadə də bir ara Rusiya şou biznesinə qoşulmuşdu. Yadınızdadır?

– Hə, bir dəfə gördüm, çox xoşuma gəldi. İstər futbol olsun, istər müğənnilər, özümüzünkülərə azarkeşlik edirəm.

– Yeri gəlmişkən, milli komandamızın oyunlarına baxırsınız?

– İsraillə 1:1 oynadı. Rusiya ilə oyunda Azərbaycan milli komandasına azarkeşlik edəcəyəm mütləq. Mənim bütün nəslim azərbaycanlıdır. Əslimiz Şamaxıdandır.

– Orda özünüz toy aparırsınız?

– Çox nadir hallarda. Bir toy üçün qonorarım 5 min avrodur. Yarım saata isə 1000 avro alıram.

– Sizcə, Abbas Əhmədə burda o pulu verməzlər?

– Bəlkə də çox verərlər.

– Bəs niyə orda işləyirsiniz? Burda hər şeyi qurmuşdunuz...

– Orda hər şey qurulub artıq. Amma burda mənə heç kim zəng eləmir. Orda 15 restoranın rəhbərliyi məni tanıyır, müğənniləri məclislərə göndərirəm. Hazırda “Kür” restoranında çalışıram. Burda öz repertuarımı oxuyuram və çox rahatam. İstədiyim odur ki, qonaqlar tək yeməyə yox, həm də mənə qulaq asmağa gəlsinlər.

– Moskvada bir klip neçəyə başa gəlir?

– 20 min dollara.

– Burda 20 minə super klip çəkirlər.

– O klipi ancaq “TV 3”, ya da “RenTV” göstərə bilər. Mən dediyimi isə ORT-də efirə verə bilər. Söhbət keyfiyyətdən gedir.

– Bildiyimə görə, oğlunuz da 3 ildir ordadır.

– Oğlum orda dünyaca tanınan müğənnilərinin konsertlərini təşkil edir. Demis Russos, Stinq kimi müğənniləri Rusiyaya gətirir.

– Oğlunuzun vasitəsilə harasa çıxırsınız?

– Yox. Mən böyük səhnələrdə olmuşam. İndi də Moskvada Otto Vanla, “London bit”lə işləyirəm. 

– Bakıda müğənni dostlarınız varmı?

– İlqar Xəyalla illərlə dostuq. Amma belə tanışlarım çoxdur. Musiqiçi dostlarımın çoxu dünyasını dəyişib.


– Fəxri ad almamısınız.

– Sənət üçün çalışmışam, bəlkə ona görə fəxri ad almamışam. 14 il “Qaya” ansamblında çalışmışam.

– “Qaya” da çalışanlar fəxri ad almırlar?

– Alırlar. Ansambl 2001-ci ildə dağıldı və mən getdim Moskvaya.

– 1988-ci ildə keçirilən məşhur “Bakı payızı” müsabiqəsinin laureatı idiniz...

– Orda birinci yeri Aygün Kazımova, ikinci yeri mən, üçüncü yeri Almaz Ələsgərova və Sevil Hacıyeva tutdu. Faiq Ağayev, Zülfiyyə Xanbabayeva diplomantlar idilər, yer tutmadılar. Məndə o vaxtın qəzetləri var.

– “Ürəyim yanar” neçənci ildə yazıldı?

– 1992-ci ildə. Sizə bir maraqlı fakt deyim. 1989-cu ildə “Qızıl payız” müsabiqəsi var idi. Amma heç kim o müsabiqə haqda danışmır.

– Niyə?

- Ona görə ki, birinci yeri mən tutmuşam. Orda Zülfiyə Xanbabayeva ikinci oldu.

– Niyə sizə qarşı belə münasibət var?

– Bilmirəm. Bir dəfə ANS-də “Qızıl payız” haqda veriliş gedirdi. İkinci yeri tutan insan haqda danışdılar, mənim barəmdə bir kəlmə də deyilmədi. Ancaq Aygün Kazımovanı, Zülfiyyəni göstərirlər.

– O müğənnilərlə ünsiyyətiniz var?

– Çoxdandır görmürəm. Biz səhnə dostuyuq. Bir yerdə sənətə gəlmişik. Baxın, Samir Bağırov da efirdə yoxdur.

– Siz səhnəyə bir az gec gəlmisiniz.

– Bəli, onlardan 10 yaş böyük olduğuma görə mənə hörmət edirdilər.

– Bayaq sanki fəxri adla bağlı suala tam cavab vermədiniz. 

– Bu fəxri ad məsələsi mənimçün də böyük bir sualdır. Neçə ildir səhnədəyəm, 14 il dövlət ansamblında çalışmışam, pul qazanmağı sənətə qurban vermişəm. O vaxt günü 25 dollara işləyirdik. Mən də öz yolumu tutub pulumu qazanardım. Dəfələrlə Bakıda solo konsertlərim olub. Amma “Qaya” ansamblı məni qabağa atdığı kimi, həm də dala atdı. Aygün Kazımova, Samir Bağırov “Qaya” ansamblında işləyirdilər. Kim o ansambldan qırıldısa, hamısı fəxri ad da aldı, qonorar da. Amma mən sırf sənətə qulluq etdim və ansambl dağılana kimi ayrılmadım.

– Bakıda olanda toya gedirdiniz?

– Bəli, amma çox az.

– Bir az da sizi bütün Azərbaycana tanıdan “Ürəyim yanar” mahnısından danışaq.

– Bu mahnını özüm Elçin Mirzəbəylinin sözlərinə yazmışdım.

– Bilirisiniz ki, Elçin Mirzəbəyli indi həm siyasətlə məşğuldur, həm baş redaktordur?

– Bilirəm. Bu mahnını cavanlar da sevir, yaşlılar da. Klassika kimi tarixdə qalacaq. “Ürəyim yanar”ı bir neçə nəfər oxuyub. İlk dəfə 1997-ci ildə Sunay adlı bir türk müğənnisi ifa etmişdi.

– Moskvada oxuyursunuz bu mahnını?

– Yox, çünki çox bahalı mahnıdır.

– Deyəsən, kiməsə həsr olunub.

– Həyat yoldaşıma həsr etmişəm. Mən iki dəfə ailə həyatı qurmuşam. Oğlum ilk nikahımdandır. Amma ikinci həyat yoldaşımla 22 ildir evliyik, övladımız yoxdur.

– Tanışlıq tarixçəniz maraqlıdır...

– İlk evliliyim 1 il çəkib. Bir rəssam dostum var idi – Ucal Allahverdiyev. Bizi o rəhmətlik tanış elədi. Onda mən ilk ailəmdən 7-8 il idi ayrılmışdım.

– Münasibətləriniz qalır?

– İlk həyat yoldaşımı 28 ildir görmürəm.

– Moskvada kirayədə qalırsınız?

– Evim yoxdur. Amma dostlarım mənə şərait yaradıblar. Əslində Moskvada yaşamaq fikrim yox idi... Moskvadan 15-20 kilometr kənarda yaşayıram.

– Moskva ilə Bakını nə fərqləndirir?

– Burda çox siqnal verirlər. Döngələrdə dönmə işığını yandırmırlar. İnsanlar maşını sanki Hindistanda sürürlər. Əksəriyyət belədir. Dünən bulvar tərəfdən gedirdim. Bir nəfər işarə etdi ki, maşınınızın yük yeri açıldı. Heç kim yol vermədi ki, qırağa çəkib yük yerini bağlayım. Amma Moskvada yol verərdilər. Orda sürücü mədəniyyəti yüksək səviyyədədir. Burdakı maşınımı xanımın sürür. Çünki o daim Moskvada yaşamır. Uzaqbaşı 2-3 ay ayrı qalırıq.

– İnternetdən anlayışınız var?

– Bütün sosial şəbəkələrdə varam. Amma ildə 2-3 dəfə girirəm ora. Vaxtımı internetə sərf etmək istəmirəm.

– Yaşınıza görə gümrah qalmısınız. İdmanla aranız necədir?

– Hokkey oynamışam. Amma yenə fikrim var ki, idmanla məşğul olum.

– 22 ildir ailə həyatı qurmusunuz və övladınız yoxdur.

– Allah qismət etməyib. Mənim Hollandiyada bir dostum var, əməliyyat elətdirib ki, uşağı olmasın. Amma bir qızı var... Yoldaşım bütün mənalarda nümunəvi qadındır. Mən ikinci cəhdə öz yarımı tapdım.

– Bakıda kiminiz var?

– Bacım, qardaşım, anam burda yaşayır. Mən burda yaşaya bilmədim. 40 il burda yaşamışam. Amma burda özümə qarşı münasibəti görəndə çox pis oluram.

– Burdan incimisiniz deyəsən.

– Çox incimişəm. (kinayə ilə) 2001-ci ildə münsiflər heyətində oturduğum müsabiqənin iştirakçıları indi ən azı əməkdar artistlərdir.

– Kimlər?

– Tünzalə Ağayeva, Zaur Əmiraslanov. Tünzalə də, Zaur da gözəl ifaçıdır, gözəl insanlardır. İzzət Bağırov uşaqlıqdan səhnədədir. O niyə fəxri ad almayıb? Çox istedadlı adamdır. Amma estrada müğənnisi deyil. Adlar təxminən belə verilir. Elə bil oturmuşuq içəridə, qapı döyülür. “Kimsən, nə istəyirsən? Xalq artisti? Gəl götür” (göstərir). İlqar Xəyal niyə xalq artisti deyil?.. İlqar da küsüb... Əvvəl Bakıya gələndə verilişlərdə iştirak edirdim. Amma indi çalışıram tez gedim ki, məni burda görməsinlər. Bakıda o ilhamı almıram. Buna baxmayaraq, ürəyim canım həmişə Azərbaycandadır.

– Yaradıcılıqdan uzaqlaşmısınız deyəsən.

– İndi italyan, ispan mahnıları oxuyuram və oxuduqlarımı başa düşürəm. Amma doğru dediniz ki, yaradıcılıqdan uzaqlaşmışam. Sonuncu albomum 5-6 il əvvəl çıxıb. İndi gələcəyimi təmin etməyə çalışıram. Heç vaxt pulun dalınca qaçmamışam. Dolanışıq və sakitçilik mənim üçün önəmlidir.

– Son olaraq belə bir sual verim. Niyə məhz Abbas Əhməd? Əhməd sizin soyadınızdır?

– Əhmədov Abbas Allahverdi oğlu 1960-cı ilin dekabrın 25-də anadan olmuşam. “Ürəyim yanar” mahnısından sonra o vaxt “İlkin” studiyasının mərhum direktoru Yaşar Əliyev “seçmə” kaset buraxdı. Orda hər mahının ifaçısının adı deyilirdi. İlk dəfə o məni belə təqdim etdi: “Oxuyur Abbas Əhməd, “Üəryim yanar” mahnısı”.