"Həyat yoldaşım halal adamdı" - Elnarə

"Həyat yoldaşım halal adamdı" -  Elnarə
7588 dəfə oxunub
  • A-
  • A
  • A+
“Səhər işə gedəndə evdən uşaqlarla birlikdə çıxırıq. Onları bağçaya aparana kimi yolda hərəsi bir tərəfdən üstümə atılır, uzanır, yatır, oynayır, bir sözlə, nə istəyirlərsə edirlər. İnanın, hərdən elə olur ki, efirə qırış paltarla çıxmaq məcburiyyətində qalıram”.

Bunu səhnəmizin qəhrəman analarından hesab olunan müğənni Elnarə Xəlilova deyir. Sənətində kifayət qədər uğurlu addımlar atan sənətçi bir ana və həyat yoldaşı kimi ailəsində də uğurlara nail olmağı bacarıb. Elnarə Xəlilova ailəsi, övladları, qaynanası ilə olan münasibətilə bağlı Ailem.az-a danışdı.
 
- İlk dəfə övladını qucağına alarkən hansı sözü dedin, nə hiss keçirdin?
 
- Onu izah etmək çox çətindi. Bircə onu demək kifayət edir ki, hər şeyin tez bitməsini səbirsizliklə gözləyirsən. Amma körpənlə ilk təmas zamanı qəribə elektrik yaranır, ürək döyüntüsünü hiss edirsən. İzah edilməz bir duyğudu… Sonra baxırsan ki, bu körpə mənimdir? O, ağlayanda elə bilirsən ki, həyatın boyu heç vaxt bu qədər gözəl musiqi eşitməmisən. Heç Baxın simfoniyaları da bu qədər gözəl deyil. Belə bir məsəl var: Allah-Təala uşaq doğulanda deyir ki, böldüm. Soruşurlar ki, nəyi? Deyir səninlə öz aramda olan məhəbbəti. Çünki Allah buyurub ki, heç kimi məndən çox istəmə, yoxsa onu sənin əlindən alaram. Amma yeganə varlıq övladdır ki, Allah bu sevgini bölməyə icazə verir.
 
- Deyirsən ki, övladının ağlaması dünyanın ən yaxşı musiqisidir sənin üçün. Bəs ağlayanda onu sakitləşdirmək üçün hansı musiqini oxuyurdun?
 
- Mənim uşaqlarımın çox yaxşı musiqi duyumu, zövqü var. Keyfiyyətli musiqini o dəqiqə ayırd edə bilirlər. Təbii ki, “lay-lay” da oxumuşam onlar üçün. Amma bunu mahnı kimi yox, yatmaq musiqisi kimi qəbul edirlər. “Lay-lay”ı eşidəndə başa düşürdülər ki, yatmaq vaxtıdır. Amma bir hadisə var ki, onu xüsusi ilə vurğulamaq istəyirəm. İkinci övladım Tuğərə hamilə olarkən Milli Konservatoriyada oxuyurdum. Imtahana hazırlaşmaq üçün yuxarı mərtəbədəki otağa çıxıb muğam ifa etməyə başladım. Bir də gördüm ki, Burla qaça-qaça gəldi. 2 dəqiqə mənə qulaq asdı, sonra başladı hönkür-hönkür ağlamağa. İndi mən bunu sakitləşdirə bilmirəm. Mənə deyir ki, ay ana, bu nə mahnıdı oxuyursan?! Başa düşdüm ki, 2 yaşında olmasına baxmayaraq, hətta muğamı da anlayıb, həyacanlana bilmişdi. Necə deyərlər, muğam onu ağuşuna almışdı. Amma bunu hər uşaq anlamır. Bu hadisədən sonra bildim ki, o hətta  muğamı da duya biləcək musiqi duyumuna sahibdir. 
 
- Uşaqların həmkarların arasında daha çox kimə qulaq asır?
 
- Bir vaxtlar, Burla qardaşlarını da başına yığıb Rəhim Rəhimlinin “Başım ağrıyor” mahnısını oxuyurdu, özü də improvizə edərək, sözlərini dəyişərək. Lirik mahnılarla arası yaxşı deyil, onlara bu cür mahnıları qulaq asdırmaq mümkünsüzdü.
 
- Alimlər də təsdiqləyib ki, analar övladı ilə ünsiyyətə hələ ana bətnində ikən başlamalıdır…   
 
- Bunu hətta Məhəmməd Peyğəmbər də buyurub. Artıq 7 aylıq olanda uşaq ananın səsini eşidir, hər şeyi ayırd edə bilir. Ona görə də onunla danışmaq lazımdı. Həm də əbəs yerə demirlər ki, hamilə vaxtı əsəbləşmək olmaz. Çünki, uşaq bunu mütləq hiss edir. Məsələn, mən hamilə qadının loru dildə desək  “lezva” mahnılara qulaq asmasına qarşıyam. Çünki, o beləliklə körpəyə neqativ enerji, həyacan ötürür.
 
- Heç şübhəsiz ki, sən də hamilə vaxtı işinlə əlaqədar olaraq lirik mahnıya ya qulaq asmalı, ya da oxumalı olmusan. Bəs bu halda bətnindəki övladının reaksiyasını hiss etmisən?
 
- Hə, olub, amma lirik mahnı deyildi. Mən Burlaya hamilə idim. Səsyazma studiyasında Gövhər Həsənzadənin “Pəncərəndə” mahnısını yazdırırdıq. Mahnını tam şəkildə oxudum. Sonra bek vokalları oxumaq üçün qulaq asdım ki, yerini müəyyən edə bilim. Adətən müğənnilər bek vokalı ya özləri oxuyurlar, ya da xüsusi effektin köməkliyi ilə edirlər. Mən həmişə səs rejissorlarına tapşırıram ki, bu effektdən istifadə etməsinlər, çünki özüm oxuyuram. Amma bu dəfə heç mənim oxumağıma ehtiyac qalmadı. Çünki qulaq asanda gördük ki, səsimin üstündə ikinci səs var. Deyinə-deyinə səs rejissoruna acıqlandım ki, niyə düyməni açıq qoymusan, yenidən oxumalı olacam axı. Ancaq inanın nə qədər axtardıq, baxdıq, heç nədən baş açmadıq, çünki düymə də sönülü idi, səs rejissoru da əlavə heç nə etməmişdi və təbii ki, studiyada da məndən başqa heç kim yox idi. Hətta sonra bütün düymələri söndürdük, yenə nəticə eyni oldu. Sonradan Gövhər xanım dedi ki, bu, sənin qızının səsidi, neyləyək, qoy belə də getsin. Bəlkə bu, kiməsə qəribə görünə bilər, lakin uşaq mənimlə bərabər oxumuşdu o mahnını. Elə dinləyicilərə də mahnını o cür təqdim etdik.
 
- Sərbəst həyat tərzi keçirən, qayğıları olmayan Elnarə 3 övlada necə baxır? Yəqin ki, ilk vaxtlar çətin idi.
 
- Qaynanam, anam ilk gündən mənə dəstək olub, kömək edib. İndiki bəzi qızlar hələ bir qapını açmamış deyir ki, yox, mən tək yaşayacam. Amma o ki gedib qapını açırsan, bax, onda hiss edirsən ki, çətindi tək qalmaq. Tuğər anadan olanda bizim evdə növbəli uşağa baxma prosesi gedirdi (gülür). Gecə 3-ə qədər mən baxırdım. Südün olması üçün ana mütləq yatmalıdı. Ona görə də dözə bilməyəndə anama verirdim uşağı. Səhərə kimi o, baxırdı. Səhər növbə qaynanamın idi.  Amma Burla, Öndər çox rahat uşaq olub, elə hey yatırdı. İndi də vəziyyət bu cürdü. Tuğər yatanda elə bilirsən bütün dünyada sakitlik hökm sürür, vay o gündən ki, oyansın.
 
- Qaynananla münasibət necədi? Biz adətən bir gəlinin qaynanasından bu qıədər ağızdolusu razılıq etməsinə öyrəşməmişik.
 
- Bu, əbədi problemlərdən biridir. Mənim üçün bunun bir düsturu var. Hər kəs özünü qarşısındakının yerinə qoyub düşünməyi bacarmalıdır. Onda heç problem də olmaz. İlk olaraq düşünməlisən ki, həyat yoldaşını anası ilə sənin aranda qalmağa vadar etməməlisən. Sən özün ananı kiminsə ayağına verərsən? Əlbəttə, yox. Ona görə ərindən də bunu gözləməməlisən. Bir də qaynana barədə həyat yoldaşına şikayət etmək də çox böyük səhvdir. Hətta gəlin haqlı da olsa, yenə susmalıdı. O qədər olub ki, haqlı olduğum halda susmuşam. Onun böyüklüyünə, həyat yoldaşımın anası olmağına keçmişəm. Heç peşman da deyiləm.
 
- Onda belə çıxır ki, “gəlin mənim süpürgəmdi” məsəlində simvolik olaraq təsvir olunan gəlin qaynananın dedikləri ilə razılaşsa, problem də olmaz, hə?
 
- Bu fikirlə heç razı deyiləm. İndi bir dəfə kimsə çaşıb söyləyib deyə bunu ciddi qəbul etmək olmaz. Əgər qaynananın qızı varsa, o, heç vaxt belə düşünməz. Düzdü, indi artıq qaynanam bizimlə qalmır. Çünki bu yaxınlarda qaynım ailə qurdu və adətə görə, ana kiçik oğlu ilə qalmalıdı. Amma hərdən gəlib bizdə qalanda elə sevinirəm ki, inanın. Çünki mənə çox dəstək olur. Sağ olsun, o, bizdə olanda mən rahat oluram. Bilirəm ki, uşaqlar ac qalmayacaq, rahat olacaqlar.
 
- Bəs o olmayanda uşaqlara kim baxır?
 
- O, olmayanda uşaqlara anam baxır. Burla bu ildən məktəbə gedəcək. Amma hələ ki, uşaqların 3-ü də bağçaya gedir. Səhər anamla birlikdə onları bağçaya aparırıq, sonra gedirəm işə. Əgər günorta çəkilişim yoxdusa, evə gedib yemək hazırlayıram. Sonra axşam onları bağçadan götürürəm. Yeməklərini yedikdən sonra həyətə düşürdürəm.
 
- Məşhurlar nadir hallarda uşaqları ilə həyətdə oynayırlar…
 
- Uşağımdan artıqdır ki, məşhurluğum? Heç razı deyiləm. Hər şey qurban olsun onlara. Onlar üçün mən ilk olaraq anayam. Deməli, bütün analar kimi mən də övladlarıma ana sevgisini göstərməliyəm. Başqa cür düşünə bilmirəm də. Anaları ilə birgə istirahət etmək onların da haqqıdır.
 
- İstirahətdən söz düşmüşkən, son zamanlar valideynlər uşaqları nənə, baba yanında qoyub, özləri tək istirahətə gedirlər. Deyirlər ki, uşaqla istirahət etmək olmur, gərək onun qulluğunda durasan. Sizdə də bu cürdür?
 
- Bizdə vəziyyət  bir az başqadı. Əgər işgüzar səfərlə bağlı ölkədən çıxıramsa, onda məcburən uşaqlar anamın, qaynanamın yanında qalır. Rövşənlə ikimiz gedirik. Amma sırf istirahətdən söhbət gedirsə, onda əsla bunu qəbul etmirəm. Bütün ili mən işləyirəm, onlarsa bağçada olurlar. Bəs bu uşaqlar nə vaxt əylənib, istirahət edəcəklər?! Mən onlarsız istirahəti təsəvvür etmirəm. 
 
- Övladlarına kitab alırsan? Və ya onlarla birgə hansısa nağılları oxuyursan?
 
- Vallah, nə yalan deyim, mənim uşaqlarımın kitabı planşetdi. Burla planşetdən məndən yaxşı istifadə edir. Youtube.com saytında istədiyi nağılı tapır, qulaq asır. “Dədə Qorqud” əsərini əzbər bilir. Hərdən bəzi dialoqları da danışır bizə. Sözün düzü, mən öyrətməmişəm. Özü axtarıb tapır, öyrənir. Amma yaşı az olanda kitablar alırdım. Şəkilli kitablar bizdə də çoxdu. Anam hər gecə mütləq onlara nağıllar oxuyur. Əks halda uşaqlar yatmır.
 
- Övladın da sənin kimi yaşından tez hər şeyi öyrənməyə başlayıb deyəsən. Bildiyim qədəri ilə sən də 5 yaşında artıq 2 dildə sərbəst danışa, riyazi hesablamanı, saymağı bilirdin.
 
- İnanın ki, övladlarım məndən də artıq bilirlər. İndiki uşaqların hamısı belədi. Amma mənim vaxtımda məktəbə qədər çox az uşaq əlifbanı, riyazi hesablamanı bilirdi. 4-5 yaşım olanda artıq iki dildə - azərbaycan, rus dillərində sərbəst danışırdım, 100-ə qədər hesablamanı bilirdim. Hətta atam məni özü ilə birlikdə işə aparırdı. Kənddən, rayondan gələn bəzi qızlar rus dilini bilmirdi deyə mən də onlara kömək edirdim ki, Moskvadan gələn teleqramı tərcümə edib, cavablandırsınlar. Uşaq vaxtı çoxlu fəxri fərmanlar, diplomlar almışdım. Musiqi ilə yanaşı karate idman növü ilə də həvəskar olaraq məşğul olmuşam.
 
- Bəs övladlarını hansısa dərnəklərə qoymusan?
 
- Bizim evdə piano var. Burlanın eşitməsi, ritm tutması ideal səviyyədədi. Elə oğlanların da musiqi duyumu çox yaxşıdı. Evdə özləri üçün ifa edirlər. Amma inşallah, bu il Tuğəri idmana yazdırmaq fikrindəyik. Yaşı azdı deyə hələ qoya bilmirik.
 
- Qız uşaqları adətən anasının aksesuarlaırndan istifadə etməyə maraqlı olurlar, xüsusən də kosmetikadan. Burlaxatun necə, bəzənib-düzənməyə həvəslidirmi?
 
- Hə, özü də necə. Ümumiyyətlə, o qıza heç kim bir həftə ərzində eyni paltarı 2 dəfə geyindirə bilməz. 2 gün sonra eyni paltarı geyindirəndə deyir ki, ay ana, bunu o gün geyinmişdim də. Yaxşı bilir nəyi nəylə uyğunlaşdırıb geyinmək lazımdı. Qətiyyən onu aldatmaq olmaz bu  mövzuda. O ki qaldı kosmetikalara, hərdən kimsə uşaqlar üçün olan komsetik dəstləri alır. Amma onun ömrü də cəmi 1 gün sürür . Oğlanlar ondan qabaq onu dağıdırlar. Heç elə bil bizim evdə elə bir şey olmayıb (gülür)
 
- Bəs sənin geyiminə qarışırlar, münasibət bildirirlər?
 
- Keçən il saçım qısa olanda qızım mənə deyirdi ki, ana, bu nədi saçların kirpi kimidi. Dedim ay qız bəsdi, uşaqsan, otur uşaq yerində. Yəni qarışmaq da sözdü… həmişə mütləq fikir bildirirlər.
 
- Son olaraq həyat yoldaşınla bağlı da sual verim. Heç sənə xəyanət edibmi?
 
- Yatıb yuxuma belə gətirə bilmərəm ki, nə vaxtsa belə hadisə ola bilər. El içində məşhur bir deyim var - kişidi də, gəzib-gəzib sonda onsuz da evinə gələcək. Bu, qətiyyən Rövşənə aid deyil. Çox nümunəvi kişidi, həyat yoldaşıdı, atadı. İstərdim ki, çox kişilər elə onun kimi etibarlı olsun. Necə ki işində dəqiq və səliqəlidi, eləcə də şəxsi həyatında. Bir sözlə halal adamdı. O ki qaldı xəyanətə, əlbəttə, ətrafımda bu cür hadisələrlə üzləşən xanımlar da var. Məsələn, rəfiqəm deyəndə ki, həyat yoldaşım məni aldadıb, bilmədim nə deyim. Məsləhət vermək asandı, amma onu yaşamaq çətindi. İnsan özünü həmin an o xanımın yerinə qoyub düşünəndə çarəsiz olduğunu anlayır. Əlbəttə, ilk söz olaraq deyirsən ki, ayrıl. Amma sonra fikirləşəndə bu, evdar xanımdı, uşağa baxa bilməyəcək, günü məhkəmələrdə aliment davası etməklə keçəcək, onda düşünürəm ki, boşanmaq da çıxış yolu deyil...