Brilliant Dadaşovanın ad günüdür

Brilliant Dadaşovanın ad günüdür
1401 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xalq artisti Brilliant Dadaşovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənni 48 yaşını qeyd edir.

Brilliant Dadaşova 1965-ci ildə Bakı şəhərində anadan olub. Onun anası avtomobil qəzasında həlak olmuş məşhur qarmon ifaçısı Qızxanım Dadaşovadır. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. 1985-ci ildə o, Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyuk səhnəyə çıxıb.

1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıb və bəstə Azərbaycanda çox məşhur olub. Həmin ildə xalq artisti eyni adlı musiqi albomu çıxarıb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bilib. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatlar və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb. Sovet İttifaqı dağıldıgdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova olub. O, Rusiyanın ən iri iki şəhərində - Moskvada və Sankt-Peterburqda çıxış edib.

Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adli musiqi albomu çıxıb. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olub. 1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başlayıb və oranın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə qalıb. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxıb. 1998-ci ildə "Dərdimdən öləcəksən" adlı albomu işıq üzü görüb.

1997-ci ildə Brilliant Dadaşovaya əməkdar artist adı verilib. Həmin ildə o, bir sıra yerli müğənni və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edib. 1999-cu ildə xalq artisti bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbayıl rayon bələdiyyəsinə üzv seçilib. 2000-ci ildən 2005-ci ilədək o, “Space” kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparıb.

2008-ci ildə Brilliant Dadaşovanın iki diskdən ibarət "Masal Dünyam" adlı musiqi albomu çıxıb. Bu albom Türkiyədə yazılıb və çox uğurlu olub. Həmin il sənətçi xalqartisti fəxri adına layıq görülüb.
Ailəlidir, bir oğlu var. Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.