“Arşın mal alan” operettası UNESCO-da böyük maraqla qarşılandı

“Arşın mal alan” operettası UNESCO-da böyük maraqla qarşılandı
1716 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 17-də UNESCO-nun mənzil qərargahında TÜRKSOY, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilən bayram tədbirləri keçirilib.

Qonaqlar əvvəlcə TÜRKSOY-un 20 illiyinə və “Arşın mal alan” operettasına həsr olunan sərgiyə baxıb.
Sərgini açan TÜRKSOY-un baş direktoru Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatda 14 türkdilli ölkənin birləşdiyini diqqətə çəkmiş, ölməz Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Şərqdə məşhur olduğunu, eləcə də bir çox ölkələrdə nümayiş etdirildiyini bildirib.

UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Françesko Bandarin TÜRKSOY-un türkdilli ölkələrin mədəniyyətini təbliğ etməklə yanaşı, millətlərin yaxınlaşmasına xidmət göstərdiyini, qarşılıqlı anlaşma və dialoqu təşviq etdiyini yüksək qiymətləndirib.

Şərqdə ilk musiqili operettanın müəllifi olan Üzeyir Hacıbəylinin yaradıcılığının məhsulu olan “Arşın mal alan” operettasının dünya incəsənətinin nadir incilərindən olduğunu diqqətə çatdıran F. Bandarin ölməz sənət əsəri kimi onun 100 illiyinin beynəlxalq səviyyədə qeyd olunmasının UNESCO tərəfindən dəstəkləndiyini bildirib.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva “Arşın mal alan” operettasının 100 illiyi münasibətilə bayram tədbirlərinin təşkilinə görə UNESCO və TÜRKSOY təşkilatlarının rəhbərliyinə təşəkkürünü bildirib, TÜRKSOY təşkilatını 20 illiyi münasibətilə təbrik edib.

S.Məmmədəliyeva “Arşın mal alan” operettasının müəllifinin yaradıcılığı, səhnə əsərinin tarixi və beynəlxalq səviyyədə tanınması, həmçinin onun bir çox dillərə tərcümə olunduğunu və dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə nümayiş etdirildiyini bildirib. “Arşın mal alan” operettasının zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirən nazir müavini, onun 100 illiyinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qeyd olunmasını ölkəmiz üçün əlamətdar hadisə kimi dəyərləndirib.

Düsen Kaseinov əsası 1993-cü ildə qoyulan təşkilatın 20 illik fəaliyyətindən bəhs etmiş, türkdilli ölkələrin mədəniyyətinin təbliği sahəsində görülən işlərdən danışmışdır. TÜRKSOY tərəfindən beynəlxalq təşkilatlarda və müxtəlif ölkələrdə çoxsaylı tədbirlərin keçirildiyin vurğulayan baş katib bu tədbirlərin mühüm əhəmiyyətini qeyd edib. Sonra o, bu tədbirin yüksək səviyyədə keçirilməsinə şərait yaradan UNESCO rəhbərliyinə təşəkkürünü bildirmiş və təşkilat adından UNESKO rəsmisinə xatirə hədiyyəsi təqdim edib.

Azərbaycanın Xalq Artisti, professor Ağaverdi Paşayevin dirijorluğu və Qazaxıstanın Karakanda Simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən gəlmiş artistlər “Arşın mal alan” operettası əsasında tamaşa göstərilib. Aktyorların çıxışı böyük maraqla qarşılanıb.

Tədbirdə UNESCO rəsmləri, bu qurumda akkreditə olunmuş daimi nümayəndəliklərin rəhbərləri, Fransada akkreditə olunan diplomatik korpusun əməkdaşları, fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycan, Türkiyə və Qazaxıstan diasporlarının təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Qonaqlara “Arşın mal alan” operettasının yazıldığı disk və bröşürlər paylanıb.
TÜRKSOY təşkilatının 20 illiyi, ölməz bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı və onun “Arşın mal alan” əsərinin 100 illiyi ilə bağlı video-çarx nümayiş edib.

Tədbirin sonunda ziyafət verilib.

Tamaşaçı Yael Angel operettanın tamaşasından aldığı təəssürat barədə AzərTAc-a deyi:
 
“Mən özüm də musiqiçiyəm, cazda vokalçıyam. Bir sənət admı kimi tamaşa-konsert çox xoşuma gəldi. Mən hələ də sizin dahi bəstəkarın gözəl musiqisinin təsiri altındayam. Səhnə istər musiqi, istər mədəni, istərsə də texniki baxımdan yaxşı hazırlanıb. Mən orkestrin ifasına sözün əsl mənasında vuruldum. Qərbsayağı idarə olunan orkestrin ifasında səslənən musiqi melodiyasına görə ənənənvi musiqi idi. Orkestrdə istifadə olunan musiqi alətləri də məndə böyük maraq yaratdı. Təəssüflər olsun ki, Azərbaycan dilini bilmədiyimdən operettada səslənən sözləri başa düşmürdüm. Amma Əsgər və Gülçöhrə rollarını ifa edən aktyorların səsinə, ifaçılıq tərzinə söz ola bilməzdi. Onların səs tembri məni valeh etdi. Tamaşa məndə Azərbaycan mədəniyyətinin zənginliyi barədə müəyyən təsəvvür yaratdı. İlk dəfə idi ki belə maraqlı tamaşada iştirak edirdim”.