“TÜRKVİZYON”la bağlı telekanallarla müqavilə imzalanıb

“TÜRKVİZYON”la bağlı telekanallarla müqavilə imzalanıb
1760 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Eskişehirində TMB telekanalının təşkilatçılığı ilə keçiriləcək “Türkvizyon” Beynəlxalq Musiqi müsabiqəsinin təqdimat mərasimi olub. 

Axşam.az-ın məlumatına görə, tədbirdə Türkiyənin təhsil naziri Nəbi Avcı, “Eskişehir 2013 - Türk Dünyası Kültür Başkenti” agentliyinin İdarə Heyətinin sədri, Eskişehr valisi Güngör Əzim Tuna, Anadolu Universitetinin rektoru Davut Aydın və 20-yə yaxın ölkələrin televiziya kanallarının nümayəndələri və sənət adamları iştirak ediblər.
 
Çıxışlarda qeyd olunub ki, “Türkvizyon” musiqi yarışmasının keçirilməsi Türk Dünyasının müasir musiqisinin dünyada tanıdılması və türkdilli xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsində mühüm bir addımdır. Daha sonra yarışmanın təşkili ilə bağlı telekanallarla  müvafiq müqavilə imzalanıb.

Qeyd edək ki, TMB TV, “Eskişehir 2013 - Türk Dünyasının mədəniyyət paytaxtı”, TÜRKSOY təşkilatı və Eskişehir Anadolu Universitetinin təşkilatçılığı ilə keçirilən musiqi yarışmasında 20 ölkənin nümayəndələri iştirak edəcəklər.

“Türkvizyon ”un ilkin seçim mərhələləri Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası (o cümlədən Tatarıstan, Başqırdıstan, Altay Respublikası) Belarus, Gürcüstan, Bosniya və Herseqovina, Moldova (Qaqauz), Makedoniya və Çində keçiriləcək.

Müsabiqənin yarımfinal mərhələsi dekabrın 17-19-da, final mərhələsi dekabrın 21-də Əskişəhərdə təşkil olunacaq. Azərbaycandan yarışmanın yerli seçim turunun təşkilini və yayımını “Azad Azərbaycan” telekanalı həyata keçirəcək.