Bir neçə gün öncə prezident İlham Əliyev tərəfindən "əməkdar artist" fəxri adı ilə təltif olunan Xumar Qədimova yeni ifasını təqdim edib.

Axşam.az xəbər verir ki, sevilən müğənni məşhur "Əziz dostum" mahnısını səsləndirib.

X.Qədimova həmçinin big.az-a müsahibə verib. O, ilk öncə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün xanımları təbrik edib:

"Hər kəsə qadın xoşbəxtliyi arzu edirəm. Bütün xanımlarımıza küsüb gedən yox, əziz dost arzulayıram. Nəğmədə deyir, əziz dostum məndən küsüb incidi. Nə xanımların, nə də ki, bəylərin yarı küsüb getməsinlər, hər zaman mehribançılıq olsun. Mənim həyatımda isə hələlik "əziz dost" yoxdur".

Hər zaman fərqli ifaları ilə seçilən sənətçi fəxri ad aldığını ilk bacısından eşitdiyini deyib:

"Mən idmanda idim. İdmandan çıxdım, gördüm bacım mənə tərəf gəlir. Söhbət mənim Matanımdan gedir. Üzündə qəribə sevinc hissi var idi. Hiss etdim ki, xoş xəbər deyəcək. Məni qucaqlayıb öpdü və fəxri ad almağım münasibətilə təbrik etdi. Çox sevindim, sürpriz oldu. Nə bilim... İnsan görəndə ki, sənin əziyyətinin bəhrəsi var çox xoş olur. Cənab prezidentə təşəkkür edirəm. Bir çox sahəni təmsil edən xanımlarımızın içərisində tək sənətçi olaraq mən təltif olundum. Bu, məni duyğulandırdı".

- Xumar xanım, həyatınızda gözlənilməz xəbərlər, sürprizlər çox olubmu? İlk belə hadisəni necə xatırlayırsınız?

- Ümumiyyətlə, həyatım həmişə sürprizlərlə, möcüzələrlə dolu olub. Sürprizlər, möcüzələr sanki həyatımı idarə edib. Allah gözdən, nəzərdən saxlasın. Bir gün bir ailənin qonağı idim. Eyvana yaxınlaşdım, pərdəni açıb üzbəüz binaya baxdım və arzu etdim ki, kaş o binada evim olaydı. Daha sonralar isə bu istəyimə heç əhəmiyyət vermədim, bu haqda düşünməməyə başladım. Boş verdim, dedim ki, öz-özümə bu mümkün deyil. Həmin an üçün bu qeyri-real idi. Ancaq Allah möcüzə yaratdı. Aradan illər keçdi, mənim həmin binada evim oldu. Baxın, bu, möcüzə deyilmi?!

Həyatımda baş verən möcüzələrdən birini də universitet həyatımda yaşamışam. Birinci ixtisas üzrə imtahan verirdim. Xalq mahnısı oxudum, keçdim royalın arxasına, digər mahnılar da ifa etdim. İnanın, səsimə bütün universitet yığılmışdı. Hamı məni alqışlayır, "bu necə qeyri-adi, maraqlı səsdir" deyə bir-birinə sual verirdilər. İxtisas imtahanından "5" qiyməti aldım. Daha sonra isə tarix fənni üzrə imtahanım oldu. Bu, mənim üçün çox çətin idi. Suallardan bir-ikisini bilirdim. İmtahan zamanı birdən müəllimlərdən biri mənə "O ixtisas imtahanında oxuyan qız sən idinmi?" deyə soruşdu. "Bəli" dedim. İranlı müğənni Hayidədən bir zəngulə elədim və təbii ki, öz mahnılarımızdan da oxudum. Müəllimlər qiymət yazıb dedilər ki, dur get. Elə bil ovsunlandılar. O anda türklərin hikmətli bir sözü yadıma düşdü: "Nə qədər ki sənət var, sənət işıq saçacaqdır qaranlıqlara". Mənim üçün əsl möcüzə idi. Həqiqətən sənət qaranlıqlara işıq saçdı.

Daha sonra məni gənc mütəxəssis kimi universitetdə saxladılar. Bu da mənim üçün növbəti möcüzə idi. Çünki çoxları çalışırdı ki, universitetdə qalıb gənc mütəxəssis kimi fəaliyyət göstərsin. Amma mən çalışmadan buna nail oldum, məni işə götürdülər.

Həyatımda sürprizlər çox olub. Məsələn, məni sevən insanlardan sürpriz təkliflər almışam. Elə insanlar məni sevib ki, çox qızlar xoşbəxt olardılar, əgər həmin oğlanlar onları sevsəydi. Bu, möcüzə deyilmi insanın həyatında?

- Xumar Qədimova bu gün Azərbaycan səhnəsində işıq saça bilirmi?

- Məncə, hə. Deyirlər ki, işıq saçıram. Çünki tanıyan, tanımayan xüsusi xarizmam olduğunu söyləyir. Onu da qeyd edim ki, xarizmamın olması üçün xüsusi çalışmıram. Çünki xarizması olan istər kişi, istərsə də qadın işıq saçır. Sənətim isə şükür Allaha göz qabağındadır. Bayaq dediyim kimi, türklər "Nə qədər ki sənət var, sənət işıq saçacaqdır bütün qaranlıqlara" deyib. Deməli, nə qədər ki, sənətim var, bütün qaranlıqlara Xumar işığı düşəcək.

- Naz, qəmzə, işvə, baxışlar, xanım- xatunluq... Bu qədər şey sizdə necə cəm olub?

- (gülür-red) Vallah, bunun üçün çalışmıram. Mənim adım Xumardır axı. Xumar da sərxoş, naz, gözəl göz, məst deməkdir. Adım da kifayət qədər duruşuma, görünüşümə sirayət edir.

- Deyirlər ki, Xumarla bir dəfə münasibətdə olan adam ondan əl çəkə bilmir...

- Həmişə söyləyirəm ki, bir mənimlə tanış olan sevinir, bir də canını qurtaran... Məndə orta xətt yoxdur. Dost, sevgili yar, əziz insan fərq etməz. Əgər sevirəmsə birdəfəlik olur, sevmirəmsə,  sünilik, saxtakarlıq etmirəm. Bu, əsla ola bilməz. Məncə, insanları mənə bağlayan səmimiliyimdir. İnsanlar görür axı mən saxta deyiləm. Candan münasibət saxladığım üçün məndən ayrılmağı bacarmırlar.

- Bəs, Xumarın həyatından silə bilməyəcəyi yarı olubmu?

- Fərqi yoxdur, dost və ya yar... Mən bağlanıramsa, deməli, o insan mənə əzizdir, ayrılmaq çətin olur. Mən qarşımdakı şəxsdən yalnız bir halda ayrılıram. Xəyanət olan zaman. Həmin an o insanı silirəm. Heç nifrət belə etmirəm. Sadəcə, anındaca unuduram. Elə bil heç belə adam olmayıb, vəssalam.

- Belə bir sevgi yaşamısınız? Yəni xəyanət edib və anındaca silmisiniz?

- Olub. Mənə xəyanət edib və onu dərhal silmişəm. Mənim üçün xəyanətin ölçü və dərəcəsi yoxdur. Xəyanət xəyanətdir! "Ağlamadan, çalamaz heç bir saz..." - nə gözəl demişlər. Mən daha çox xoşbəxt olanda mahnılar bəstələyirəm, bir də kədərli olan zaman... Allah dərd verməsin təki. Atam rəhmətə gedən ərəfələrdə "Sənsiz bu xəzan dünyama gözümü aça bilmirəm, qanadı qırılmış quşam, arxanca uça bilmirəm" - belə bir sözlərə musiqi bəstələdim. Oturdum royalın arxasında musiqi bəstələdim, sonra o musiqiyə uyğun sözlər tapıb, ifa etdim. "Ayrılıq " mahnım da o dönəmlərdə yaranıb. Elə olub ən xoşbəxt günümdə belə kədərli mahnı ifa etmişəm. İnsanın halından, xarakterindən də asılıdır.

- Maraqlıdır sizin kimi xanımı tam bəxtəvər edən bir sevgili olubmu?

- Qarşı tərəfdən olub, amma mən tam xoşbəxt ola bilməmişəm. Məncə, tam xoşbəxtçilik də normal hal deyil. Hətta qarşımdakı bəy mənə deyib ki, "sən necə qadınsan, mən birinci dəfə belə insan görürəm, sən hər şeyin içində heç nə olursan". Ona görə deyirəm ki, çoxu mənim atdığımı gəzir əli çıraqlı. Bəlkə də başqa qadının həyatında elə bəy olsa göylərdə uçardı. Amma mənim üçün adi bir şey idi. Həmişə xarakterim şansıma mane olub.