Azərbaycanın ən yaşlı sakini - 25 nəvə, 27 nəticə, 5 kötücə

Azərbaycanın ən yaşlı sakini - 25 nəvə, 27 nəticə, 5 kötücə
2475 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın ən yaşlı sakini məlum olub.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu, hazırda Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan Vəsmə Məmməd qızı Abbasovadır.

Şəxsiyyət vəsiqəsinə görə Vəsmə Abbasovanın 104 yaşı var. Uzunömürlülər siyahısına başçılıq edən qadının 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötücəsi var.

O, yaşının çox olmasına baxmayaraq doğmalarının hamısını yaxşı tanıyır. Özünü müstəqil idarə edən ağbirçək ev işlərini görməkdən qalmır. Gözləri zəiflədiyindən tikişlə məşğul olmaqda çətinlik çəkməsinə baxmayaraq, V. Abbasova heç vaxt yataq xəstəsi olmayıb və dərman preparatı qəbul etməyib.

O, yalnız ildə 2 dəfə həkimlərin nəzarəti ilə vitamin müalicəsi qəbul edir.

V. Abbasova nəsillərinin uzunömürlü olduğunu bildirib. Onun sözlərinə görə, anası 111 il, bacısı isə 91 il ömür sürüb.

Qeyd edək ki, Lənkəran rayonunda hazırda yaşı 90-ı keçənlərin sayı 107 nəfər təşkil edir.