"Rəqs edən milyonçu" Bakıya gəlir - Şopinq Festivalına görə

"Rəqs edən milyonçu" Bakıya gəlir - Şopinq Festivalına görə
11769 dəfə oxunub
  • A-
  • A
  • A+
İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza təşrif buyuracaq.

Axşam.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumatına görə, çılğın rəqsləri, dəbdəbəli həyat tərzi ilə tanınan italyan biznesmen və filantrop C.Vakki mayın 5-6-da öz DJ proqramı ilə Bakı Şopinq Festivalına qatılacaq.

O, festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə paytaxt sakinlərini öz sürprizləri ilə sevindirəcək.

Festival zamanı sakinləri çoxlu sayda əyləncəli tədbirlər – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr də gözləyir.

Festival iştirakçılarının (sahibkarların) xüsusi “Tax Free” nişanları olan ticarət obyektlərində, ƏDV qaytarılması üsulu tətbiq ediləcək, bununla da alış-veriş daha da sərfəli və cəlbedici olacaq. ƏDV qaytarılması qaydasından xarici turistlərlə yanaşı, yerli sakinlər də faydalana biləcəklər.

Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək Bakıda ilk dəfə keçiriləcək sözügedən festivalın əsas məqsədi ölkədə turizmlə yanaşı, sahibkarlığın inkişafına dəstək olmaqdır. Tədbirlə əlaqədar olaraq, Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilir.