Ofelya Sənani: "Nədən danışdıqlarını heç özləri də bilmirlər"

Ofelya Sənani: "Nədən danışdıqlarını heç özləri də bilmirlər"
3267 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ofelya Sənani 10-cu sinifdə oxuyarkən radioda diktorluğa başlayıb. Daha sonra ADU-nun filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb. Radiodan tez-tez televiziyaya dəvət olunan Ofelya xanım 1975-ci ildə AzTV-yə keçib. Ali dərəcəli diktor kimi 1979-cu ildə əməkdar, 1991-ci ildə xalq artisti fəxri adlarını alıb. Prezident təqaüdçüsüdür.

- Ofelya xanım, indiki teleaparıcılar sizi qane edirmi?

- Aparıcının tamaşaçı tərəfindən sevilməsinin və qəbul olunmasının şərtləri var. Bura verilişin mövzusu, qoyulan məsələnin həll yolları və s. aiddir. Aparıcı üçün mövzu seçmək və fikrini izah etmək bacarığı, haqqında danışdığı mövzunu dərindən bilmək, müsahiblərini yaxından tanımaq vacib şərtlərdəndir. Bundan başqa, onun yüksək nitq qabiliyyəti olmalıdır - bu, ilk növbədə Azərbaycan ədəbi dilini təmiz bilməyi tələb eləyir. Çox təəssüflər olsun ki, bu gün bizim radiolara və televiziyalara qulaq asanda Azərbaycan dilini tanımaq olmur. İbarəpərdazlıq baş alıb gedir. Doğma dilimiz böyük imkanlara malik olduğu halda, başa düşmürəm, xarici sözlərdən tez-tez istifadə etməyin nə mənası var? Elə cümlə formaları yaranıb ki, ədəbi dilimizin qayda-qanunları ilə uzlaşmır. Radiodakı diceylərin və özəl telekanallardakı musiqi verilişlərinin aparıcılarının danışıqlarına fikir vermisinizmi? Dalğavari danışıq stili yaradıblar. Elə bil ki, bir yerə yığışıb söz qoyublar ki, hamısı elə danışmalıdır.

- Əvvəllər teleaparıcılar və diktorlar seçiləndə hansı göstəricilərə diqqət yetirilirdi?

- Əvvəllər beləydi ki, bu işi bilənlərdən münsiflər heyəti yaradılırdı və 20-30 müsabiqə iştirakçısı arasından 2-3 nəfər müsabiqədən keçə bilirdi. Danışıq aparatlarına və səslərinə xüsusi diqqət yetirilirdi. Və müsabiqədən keçəndən sonra onlarla aylarla işləyirdilər. Bir neçə aydan sonra gənc diktorlar proqramları deyirdilər, gecə xəbərlərini çatdırırdılar və kiçik verilişləri aparırdılar. Yetişdikcə bu diktorlara böyük verilişləri aparmaq, kadr arxasında böyük mətnləri oxumaq həvalə olunurdu. Amma indi vəziyyət dəyişib. Diktorların dövrü artıq keçib. SSRİ dövründə diktorlar televiziyanın əsas simalarından sayılırdı. Jurnalistlər çox nadir hallarda efirə çıxırdılar. Hətta kadrarxası mətnləri də jurnalistlər özləri oxumurdular. Amma indi jurnalist ekrana çıxa bilir. Amma efirə çıxan jurnalistlər də yoxlanmalıdırlar. İndi kim istəsə, efirə çıxa bilir... Nə xarici görünüşləri var, nə səsləri yerindədir. Nədən danışdıqlarını heç özləri də bilmirlər. Bir dəfə özəl telekanalların birində belə bir hadisə ilə rastlaşdım. Aparıcı Aygün Kazımovanı təqdim eləyəndə qayıtdı ki, "Azərbaycanın ən seksual müğənnisi Aygün Kazımova". Bunları qınamıram, xarici kanallara baxırlar, belə sözləri eşidirlər, elə bilirlər bizdə də işlətmək olar... Efirdə özbaşınalıq baş alıb gedir. Bir müğənnini çağırırlar verilişə, ondan müsahibə alıb, veriliş düzəldirlər. Elm adamları, mühəndislər, heykəltəraşlar, kinossenaristlər və kinorejessorlarımız var, onları tapıb ortaya çıxarmaq lazımdır.

- Bunların qarşısını necə almaq olar?

- Ali məktəblərdə tələbələrə nitq mədəniyyəti tədris olunmalıdır. Məsələ burasındadır ki, telekanallardakı aparıcıların əksəriyyəti jurnalistikanı bitirməyib. Amma aralarında istedadlıları da var. Bunlarla yanaşı, bayağı verilişləri aparanlar da az deyil. Telekanalların rəhbərlikləri ilk növbədə bunlarla məşğul olmalıdırlar. Mənim telekanallarla əlaqələrim var, son zamanlar təsadüfən aparıcı olanların kanallardan uzaqlaşdırılması barədə də məlumatlar eşidirəm. Bir məsələ də var ki, bizdə özəl telekanallar təzə yaranıb, bu keçid dövrü mütləq olmalıydı...

- Televiziya, dublyaj, kino ilə bağlı yəqin ki, maraqlı xatirələriniz çoxdur...

- Bir dəfə rəhmətlik Səməndər Rzayevlə bir fimin dublyajındaydıq. Valid də təbii ki, həmişəki kimi yanımızda idi. Aktyorların Valid Sənani ilə yaxşı zarafatları vardı. Səməndər dedi ki," Valid, sənə yazığım gəlir. Ofelya ilə səhərdən-axşama qədər ora-bura gedirsən. Evə gedəndə də yəqin ki, ac qalırsan. Ona görə belə arıqsan". Sözün düzü elə bildim ki, ciddi deyir və bu söz xətrimə dəydi. Validlə Səməndərgili götürüb gəldik evə. O vaxt uşaqlar da balaca idi. Gəlib gördülər. Ev səliqəli, tərtəmiz. Balqabaqlı, lobyalı aş, yarpaq dolması, müxtəlif turşularım və salatlarım. Gətirib süfrəyə düzəndə, Səməndər dedi, vallah mən dəli oldum. Ofeliya xanım sən bunları haçan eləmisən? Dedim səhər saat altıya qədər bunları edirəm. Yuxumu da maşınlarda işə gedəndə alıram. Onlara yaxşı bir çay süfrəsi də açdım. Gedəndə dedilər gərək bu barədə hər yerdə deyək.

- Siz həm də xarici kinoların əksəriyyətinin dublyajında iştirak etmisiniz. Bir-iki kinoya da çəkilmisiniz. Niyə belə az çəkilmisiniz?

- İlk dəfə 1966-cı ildə Gülhüseyn Hüseynoğlunun "Mücrü" şeri əsasında çəkilən qısametrajlı bədii filmə çəkilmişəm. Bu şeri o dövrdə SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonov oxuyandan sonra xoşuna gəldiyi üçün filmin çəkilməsini təklif etdi və baş rola da məni çəkdilər. Bundan başqa, "O qızı tapın" filmində epizodik rola çəkiləndən sonra 1967-ci ildə "Dağlarda döyüş" filminə dəvət olundum. Bu filmdə mən rəhmətlik qayınatam Möhsün Sənani ilə birgə çəkilmişəm. O, mənim atamı oynayırdı. Sonra rəhmətlik Möhsün müəllim mənə kinoya çəkilməyə icazə vermədi. Sözün düzü, rəhmətlik Valid də mənim kinoya çəkilməyimi istəmirdi. "Dağlarda döyüş" filminə də qayınatam özü çəkilirdi deyə icazə verdi. O filmdən sonra SSRİ-nin bir çox kinostudiyasından mənə təkliflər gəldi, amma çəkilməkdən birdəfəlik imtina elədim. Ancaq kino ilə bağlı fəaliyyətimi indi də davam etdirirəm. 120-dən çox kinonun dublyajında və bizim filmlərin 20-nin səsləndirilməsində iştirak etmişəm.

- Valid müəllimlə necə tanış olmuşdunuz?

- Valid müəllimlə radioda işləyəndə tanış olmuşam. O, radioya məndən 4 il əvvəl - 1955-ci ildə gəlmişdi. O vaxt o, savadlı, püxtələşmiş jurnalist, mən də sadə gözəlliyə malik qız idim. İstəyənlərim çox olsa da, ağıllı və mehriban olduğuna görə onu seçdim. Radioda tanış olduq və 1961-ci ildə ailə qurduq. Sonralar bir-birimizi daha çox sevdik. İşə bir gedib qayıdırdıq. Onun yanında çox rahat olurdum. Mən gözəl səs vurğunuyam. Gözəl səsi olan adamla rastlaşanda fikirləşirəm bundan yaxşı radio diktoru olar.

- Övladlarınızdan sizin sənəti davam etdirəni varmı?

- Xeyr. Bizim sənət elə sənətdir ki, gərək ona qabiliyyətin çatsın və həvəsin olsun. Aparıcılıq, diktorluq etməyə hər adamın hünəri çatmaz...

"Ekspress" qəzeti