"Lider"in tanınmış aparıcısı: "Həyatımın insanına rast gəlməmişəm"

"Lider"in tanınmış aparıcısı: "Həyatımın insanına rast gəlməmişəm"
4788 dəfə oxunub
  • A-
  • A
  • A+

"Lider" telekanalının tanınmış teleaparıcısı Günay Yelmarqızı Publika.Az-ın “Ev havası” layihəsinin qonağı olub. Müsahibəni təqdim edirik.

- Səni tanıdığım qədər bilirəm ki, özün haqqında danışmağı xoşlamırsan. Amma istəyirəm səni aparıcılığa gətirən yollardan körpü salaq söhbətimizə.

- Düşünmürəm ki, özü haqqında danışacaq qədər böyük insanam. Uşaqlıqdan arzum diktor olmaq olub. Çox qəribədir. Adətən insanın uşaq vaxtı çox arzuları olur. Xəyaldan-xəyala, arzudan-arzuya düşür. Amma mən özümü dərk edəndən həmişə diktor olmaq istəmişəm. O vaxtlar bilirsən, diktorlar hər səhər günün proqramını oxuyurdular. Yadıma gəlir, mən də anamın qırmızı bir jaketi var idi, onu geyinib güzgünün qabağında durub, günün proqramını oxuyurdum. Artıq o vaxtdan bilirdim ki, nə vaxtsa, aparıcı olacam. Heç vaxt başqa arzum olmayıb. Orta məktəbdə humanitar fənlərə marağım vardı, diksiyam da yaxşı idi. Müəllimlərim də məni jurnalist görürdü. Ədəbiyyat müəllimim hər dərs çıxardıb mənə hekayələr oxudurdu. Müəyyən vaxtdan sonra məktəbdə tədbirlərdə başladım aparıcılıq etməyə. Artıq orta məktəbi bitirəndə peşəmi seçmişdim. Sənədlərimi 3-cü qrupa verdim. Beləcə mənim jurnalist həyatım başladı. Elə birinci kursun sonundan da işləməyə başladım. Atama təşəkkür edirəm. Çünki ilk dəfə atam əlimdən tutub məni gətirdi “525-ci qəzet”ə. Ora mənim ilk iş yerim olub. 3 il orda çalışdım. Amma arzum televiziya ilə bağlı idi. Təsadüfən 2002-ci ildə “Lider” televiziyasının dizayn qrupu ilə əlaqə qurdum. Elə oldu ki, həmin qrupdakı insanlar məni əməkdaşlığa dəvət etdilər. “Xeyli xəbər” proqramı vardı, ilk vaxtlar orda reportyor kimi fəaliyyət göstərdim. Düz bir il həmin verilişdə ştatdankənar müxbir işlədim. Bu mənim üçün bir keçid oldu. Televiziya ilə tanış oldum. 2003-cü ildə “Atv” kanalında xəbərlər departamenti açılmışdı. Müsabiqə elan olunmuşdu. Mən də müraciət etdim. Müsabiqədən keçdim, işə götürdülər. Əvvəl reportyor kimi başlayacaqdım işə, amma bir həftə sonra rəhbərimiz İnqilab müəllim mənə dedi ki, radioda xəbər aparıcısı yeri boşalıb. Mənə təklif etdilər ki, radiodan başlamaq istəyirsənsə, səni xəbər aparıcısı kimi radioda ştata götürürük. Düşünmədən razılıq verdim. Mənim üçün vacib deyildi ki, televiziyaya gedən kimi efirə çıxım. Efirə çıxmaq üçün bişməli idim. Bir müddət radioda çalışdım və bir gün qəfildən məni efirə çıxartdılar (gülür).

- AzTv məktəbi də keçmisən.

- Hə. Bir müddət AzTv-də səhər proqramını apardım. Orda böyük məktəb keçdim. Qulu Məhərrəmli ilə işlədim. AzTv ilə bağlı o vaxt mənim üçün faciə hesab etdiyim, amma indi xoş bir xatirəyə çevrilən bir əhvalatı xatırladım. Mən çox qürurlu, söz götürməyən insanam. AzTv-də təzə başlamışdım işə. Efirdə texniki qüsurum olmuşdu. İclasda məni danlamışdılar. Bizim redaktorumuz mənimlə bir az kobud danışmışdı (Amma indi onunla çox yaxşı dostuq). O dedi ki, nə qədər AzTv-dədir, məni efirə buraxmayacaq. “Heç mən də səninlə işləmək istəmirəm” deyib, vəsiqəmi qoyub, çıxdım. Dövlət televiziyası Qapalı Səhmdar Cəmiyyət olandan sonra məni yenidən “Ana xəbər”in aparıcısı olmağa dəvət etdilər. Qəbul etdim dəvəti, getdim. Amma bir müddətdən sonra artıq özüm “Lider”ə qayıtmaq istədim. Çünki bu kanal mənim karyeramın başlanğıc nöqtəsi idi. Bütün işlədiyim kanallar mənim üçün doğmadır, amma bilmirəm, nədənsə bu kanalın mənim iş həyatımda ayrıca bir yeri var.

- Şansın yavər olub demək. Ümumiyyətlə şansından razısan?

- Hə, demək olar. Şikayət etsəm, haqsızlıq olar. Amma o qədər də şanslı insan olduğumu düşünmürəm. İş həyatımda, karyerada ola bilər ki, bəxtim gətirib. Amma mən həm də çox əziyyət çəkmişəm. Karyeramda da yolum hamar olmayıb. Ona görə də bu gün dayandığım yer mənə çox əzizidir. Çünki bu yerə dişimlə, dırnağımla gəlmişəm. Yol qət etmişəm, əziyyət çəkmişəm, gecə-gündüz işləmişəm. Belə bir söz var. Deyirlər, əvvəl sən karyera üçün işləyirsən, sonra karyera sənin üçün işləyir. Təzə başlayanda çox əziyyət çəkirsən, üzərində çox işləyirsənsə, müəyyən vaxtdan sonra kanallar özləri səni efirində görməyə maraqlı olurlar.

- Bu on il ərzində 3 kanalda işləmisən. Mühiti dəyişmək çətin olmurdu sənə?

- Bu normal bir şeydir. Tamaşaçı simanın arxasınca gedir. Tamaşaçı səni izləyirsə, onun üçün fərqi yoxdur, sən hansı kanaldasan. Başlanğıcda hər şey çətin olur mənim üçün. Mən tez öyrəşən insanam. Öyrəşəndən sonra ayrılmaq çətin olur. “Lider” mənim tanıdığım mühit idi. Ora qayıdanda elə bildim ki, öz evimdən uzun müddət ayrılıb harasa qonaq getmişdim. Bu kanalda özümü öz qabımda hiss edirəm. Əsas məsələ budur ki, insan işlədiyi yerdə özünü rahat hiss etsin. Xoşbəxtəm ki, işlədiyim kanallarda, kollektivlərdə heç bir problemim olmayıb. Dava qırğınla çıxmamışam. Öz işimlə məşğul olmuşam. İş prosesində problemlər olsa da, bunu şəxsi müstəviyə daşımamışam. Heç kimə badalaq gəlməmişəm. Əlimdən gəldiyi qədər çalışmışam hamıya kömək edim.

- Çox səmimi, gülərüz insansan. Daima pozitiv olmağı necə bacarırsan?

- Mənim simamdakı bu ifadə Allahın mənə lütfüdür. Buna görə Allahıma təşəkkür edirəm. Simamda elə bir ifadə var ki, sanki həmişə gülürəm. Amma bilmirəm fikir vermisən, ya yox, gözümdə həmişə bir kədər var. Uşaqlıq şəkillərimdə də bu bilinir. Bilirsən də insanın uşaqlıqdan dəyişməyən yeganə orqanı gözdür. Təvazökarlıqdan uzaq olsa da, gözlərimi çox sevirəm. Tanımadığım bir insan məni görüb “sizdən müsbət enerji alıram” deyəndə, çox sevinirəm. Mənim ünvanıma “dünyanın ən gözəl qızı” sözündənsə, “dünyanın ən şirin qızı” sözünün deyilməsi daha xoşdur. Deməli, insanları qıcıqlandırmıram. Təbii ki, məndən də xoşu gəlməyən insanlar ola bilər, amma inanmıram kimsə mənə nifrət eləsin. Çünki bütün insanları sevirəm. Nifrət eləmirəm... o hiss mənə yaddır.

- Amma bu heç nəyə əsəbiləşmirsən anlamına gəlmir.

- Əsəbi insanam. Əsəbiləşəndə ağlayıram. Emosionalam, sözümü deyə bilirəm, amma mütləq sözümü deyəndə ağlamalıyam. Ağlamasam, sakitləşə bilmirəm.

- Dünyanın ən gözəl qızı olmasan da, gözəl qızsan.

- Özümü gözəl hesab etmirəm. Həddindən artıq gözəlliyi də sevmirəm. Həddindən artıq gözəllik, həddindən çox sevgi adamı yora bilər. Hər şey normadan artıq olanda adamı itələyir. Heç vaxt gözəl olmaq iddiam olmayıb. Amma “dünyanın ən şirin qızı” nominasiyasına iddialı ola bilərəm (gülür).

- Ekran hər kəsi asan qəbul etmir. Xüsusilə də xəbərçilik. Heç narahatlığın oldumu ki, birdən tamaşaçı məni qəbul etməz?

- Birinci dəfə efirə çıxanda özümə söz vermişdim ki, mənfi reaksiya gəlsə, bir də efirə çıxmayacam. Xoşbəxtlikdən mən efirə çıxandan sonra ancaq müsbət reaksiyalar gəldi. Tamaşaçı qəbul etdi məni. Ondan sonra üzərimdə daha çox işlədim. Əlbəttə, təzə çıxırdım efirə. Dilimdə müəyyən qüsurlar var idi. Mən on ildir efirdəyəm, indi də öz üzərimdə işləyirəm. Bəlkə məni də qəbul etməyən insanlar var, amma hələ ki, mənə mənfi reaksiya gəlməyib. Tamaşaçını aldatmaq olmaz. Tamaşaçı ilə səmimi olmalısan. Mən həmişə efirə çıxanda elə hesab edirəm ki, qarşımdakı kamera yox, tamaşaçıdır. Hansısa xəbəri verəndə elə bilirəm bir yaxınımla söhbət edirəm, ona eşitdiyim bir xəbəri deyirəm. Qışqırıq, pafos bunlar tamaşaçını efirdən uzaqlaşdırır.

- Həddindən artıq səmimisən. Səmimyyətin başına bəla olduğu zamanlar olurmu?

- Hərdən olur belə şeylər... Mən insanları həddən artıq çox sevirəm. Kin, nifrət, paxıllıq kimi hisslər məndə yoxdur. Dua edəndə Allaha yalvarıram ki, bu hissləri məndən uzaq eləsin. İstəmirəm daxilim çirklənsin. Hamıyla səmimi oluram, bütün insanlara hörmətlə yanaşıram. Bəzən insanlar o səmimiyyəti, hörməti düzgün qəbul eləmirlər. Elə bilirlər sən onlara borclusan. Daha düşünmürlər ki, sən sadəcə onlara hörmət edirsən.

- Hər işin çətin və fədakarlıq tələb edən tərəfləri var. İşinin uğrunda nələrini fəda etmisən?

- Həyatımı demək olar ki, ancaq işimə sərf etmişəm. İşimə görə gəncliyimi istədiyim kimi yaşamamışam. Zamanımı, illərimi fəda etmişəm. Bu il 33 yaşım olacaq. 18 yaşımdan işləyirəm, məqsədimə çatmaq üçün çalışmışam. Şəxsi həyatımla bağlı fədakarlığım olmayıb. Ümumiyyətlə işi şəxsi həyata, şəxsi həyatı karyeraya qurban verməyi qəbul etmirəm. Mən bu ikisini də etməmişəm. Hər ikisini də paralel aparacaq qədər güclü qadınam.

- Xanımlar yaşlarını belə rahatlıqla açıqlayacaq qədər cəsarətli olmur bəzən. 33 rəqəmi qorxutmur səni?

- Mənim yaşla bağlı komplekslərim yoxdur. Yaşımla fəxr edirəm. Hər yaşın öz gözəlliyi var. Bir də ki, mən elə də təhlükəli yaş dövründə deyiləm, qorxum. Amma hər yaş dövrümdə öz yaşımı açıqlaya bilərəm (gülür).

- Şəxsi həyatında vəziyyət necədir?

- Şəxsi həyatımda nisbi sakitlikdir.

- Həmişə nisbi sakitlik olub?

- Hə. Ümumiyyətlə mən sevgi mövzusunda danışmağı sevmirəm (gülür).

- Deyəsən, sevgi mövzusu yaralı yerindir?

- Yox, yaralı yerim deyil. Sadəcə olaraq, bu haqda danışmağa sözüm yoxdur. İnsan həyatında olmayan bir şeydən ağız dolusu danışsa, qeyri-səmimi olar. Həmişə özümə sevgi məsələlərini qadağan etmişəm.

- Gözəl xanımların gündəmdə qalması çətindir, yoxsa ailə qurması?

- Gündəmdə qalmaq mənim üçün önəmli məsələ deyil. Populyarlıq heç deyil. Bu mənim missiyamdır. Həftədə bir dəfə efirdə olmaq mənə kifayət edir ki, öz işimi layiqincə yerinə yetirə bilim. Populyar aparıcı, teleməkanın bir nömrəli aparıcısı, ulduzu sözlərini son vaxtlar çox işlədirlər. Mən sevmirəm bu titulları. Bu gün efirdəyəmsə, işimi görürəm, sabah olmayacamsa, gündəmdə qalmaq üçün heç nə etməyəcəm. Mən də hamı kimi insanam və bəlkə də daha çox problemləri olan insanam. Bəzən insanlar elə bilir ki, efirə çıxan insanlar tamamilə başqa cür həyat yaşayırlar. Hətta bir dəfə mənə dedilər ki, siz yəqin bütün günü qonaqlıqlarda, gəzməklərdə olursunuz. Əylənirsiniz bütün günü. Deyirəm, niyə elə fikirləşirsiniz, deyir axı aparıcısınız. Aparıcı olmağın elə bir avantajları yoxdur. Ulduz həyatı yaşamıram. Ailə qurmağa gəlincə... Həyatımın insanına rast gəlməmişəm. Rast gəlsəm, hər şeyin üstündən xətt çəkə bilərəm. İnsan həyatının insanına rast gəlməyibsə, onun bəhanələri çox olacaq. İş, karyera... bunlar mənim ailə qurmağıma mane olmur. Düşünmürəm nə vaxtsa seçim qarşısında qalaram.

- Ailə haqqında nələr düşünürsən?

- Düşünürəm ki, hər insanın gec-tez öz ailə institutu olmalıdır, amma insan öz yarısı ilə ailə qurmalıdır. Ailə qurmaq xətrinə ailə qurmağın tərəfdarı deyiləm. Ona görə də 32 yaşım var, hələ də subayam. Bütöv olacağım bir insanla ailə qurmaq istərdim. Bu mənim öz seçimimdir. İstəmədiyim üçün ailə qurmamışam. Deyirlər ki, insan özünü nə vaxt ana olmağa hazır hiss edirsə, deməli, artıq vaxtdır. Məndə bu hiss hələ təzə-təzə yaranır. Xüsusən də balaca qız uşaqları görəndə hiss edirəm ki, ana olmaq istəyirəm.

- Aldığın maaş səni qane edir?

- Şikayət etməyə haqqım yoxdur. Adım televiziya məkanında ən yüksək maaş alanlar siyahısında var.

- Hər həftə efirə çıxırsan və hər dəfə də fərqli geyimdə. Geyimlərə necə pul çatdırırsan?

- “Lider” televiziyasının bir özəlliyi, fərqi də budur. Bizdə aparıcıların geyimlərini şirkət alır. Hər aparıcının öz qarderobu var və tez-tez o qarderob yenilənir.

- Amma bununla belə deyəsən tələfxərcsən?

- Hə, çox. Hərdən atam deyir ki, sən oğlan olmalıymışsan. Məndə qənaət deyilən şey yoxdur. Pulum varsa, xərcləyirəm. Bu yaxşı xasiyyət deyil. Anam deyir, sən yaz əkinçisən, qış dilənçi. Baxmayaraq ki, ailədə ən yüksək maaşı mən alıram, amma heç vaxt pulum olmur (gülür).

- On ildir makiyaj etmək yəqin ki, səni yorur. Özünə necə qulluq edirsən?

- Makiyaj etməyi sevmirəm. Özümü makiyajsız, dağınıq saçlı sevirəm. On ildən çoxdur makiyaj edirəm. Əlbəttə, dəriyə mənfi təsir göstərir. Xüsusi qulluq etmirəm. Hərdən kosmetoloq yanına gedirəm. Maraqlı nə görsəm, yazıram, amma heç birini də eləmirəm (gülür). Təmbəlliyim var. Əslində düz etmirəm, müəyyən yaşdan sonra dəriyə qulluq lazımdır. Gündəlik həyatda sadəliyə üstünlük verirəm. Əsas odur ki, eynəyim yanımda olsun. Makiyajsız bütün şəhəri gəzə bilərəm. Ən sevdiyim aksessuar eynəkdir.

- Sənin bir futbol marağın var. Yaxşı fanatsan, oynamağı necə, bacarırsan?

- Hə, futbolu sevirəm. “525- ci qəzet”də çalışanda kollektivlə tez-tez yığışıb bölgələrə istirahətə gedirdik. Onda oğlanlı-qızlı futbol oynayırdıq. Rəşad müəllim də başda olmaqla. Bir dəfə də Rəşad müəllim qapıda durmuşdu, mən qapıya qol vurdum. Rəşad müəllim də özünəməxsus zarafatla dedi ki, adam da baş redaktoruna qol vurar (gülür). Çoxdandır oynamıram. Fanat deyiləm, fanatlığı qəbul etmirəm. “Qarabağ”ın uğurlarına sevinirəm.

- “Qarabağ”ın son oyunlarında xüsusilə fəal idin.

- Çünki mən “Qarabağ”ı çox sevirəm. “Qarabağ” futbol klubu mənim üçün işğal altında olan torpaqlarımızın simvoludur. “Qarabağ”ın hər qələbəsi məndə o torpaqlara yenidən qayıdacağımız ümidini daha da artırır. Ola bilsin hər oyunda iştirak edə bilmirəm, amma Avroliqa oyunlarında iştirak edirəm. İştirak etmədiyim bütün oyunların hesablarından xəbərdaram. Məsələn, axırıncı dəfə “Qəbələ” ilə oyunda 4:3 qalib gəlib. Ümid edirəm ki, bu dəfə ölkə çempionu “Qarabağ” olacaq. Başqa idman növləri ilə də maraqlanıram. Ən böyük arzum böyük tennislə məşğul olmaq idi, iki aydır başlamışam.

- On il sonra üçün hədəfin var?

- Mənim ikinci ixtisasım diplomatiyadı. Nə vaxtsa səfir olmağı arzu edirəm. Səfir olmaq istiqamətində səy göstərməliyəm. Amma hələ ki, o istiqamətdə addım atmamışam. Bu arzudur. Ruslarda bir söz var ki, arzulamaq ziyan deyil. Bəlkə oldum, bilmək olmaz.