Aygün Bəylərin qardaşının məhkəməsindən: "Meyiti görəndə halım pis oldu"

Aygün Bəylərin qardaşının məhkəməsindən: "Meyiti görəndə halım pis oldu"
3598 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur müğənninin qohumunun qətli ilə bağlı məhkəmə davam edib.
 
Qətl törətməkdə təqsirli bilinən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov və Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Elmir Alxazov dindirilib.
 
O, ifadəsində qeyd edib ki, Fuad Məmmədzadə ilə sinif yoldaşı olub:
 
“Fuadla 10 il bir yerdə oxumuşuq, məktəbi bitirəndən sonra da tez-tez görüşmüşük. Görüşlərin birində Fuad mənə marixuana əkməyə yer lazım olduğunu bildirdi. Ona dedim ki, Abbas və digər tanıdığım uşaqlar var, onların vasitəsi ilə yerlə maraqlanaram. Sonra Abbasla onun işlətdiyi internet klubda görüşdüm və Fuadın dediyi məsələni danışdım. Həmin vaxt mərhum Elnur Hümmətov da orada idi. Onlara Cavid Alxazovun Qala qəsəbəsində evi olduğunu, həmin evi kirayə götürməyi təklif etdim. Sonra Abbas və Elnur ilə birlikdə Fuadla görüşdük. Cavidin evini kirayə götürmək və orada narkotik becərmək barədə razılaşdıq. Sonradan bizə Ramil də qoşuldu”.
 
Təqsirləndirilən Elmir Alxazov bildirib ki, həmin şəxslərə birlikdə Cavidin evini kirayə götürmək barədə danışıblar:

“Cavidlə Qalada olan evə baxdıq. Həmin vaxt Cavidə evi nə səbəbdən götürdüyümüz demədik. Bildirdik ki, ustayıq, Qala qəsəbəsində bir proyektlə bağlı iş götürmüşük, həmin işi görmək üçün burada bizə kirayə ev lazımdır. Ev yaşamaq üçün yararsız vəziyyətdə idi. Cavidlə evin kirayə haqqını təmir işlərinə xərcləyəcəyimiz barədə razılaşdıq. Sonra evin təmirini gördük. Təmir işlərini başa çatdırandan sonra Fuad, Ramil, Elnur və Abbasla birlikdə evdə dibçəklərdə marixuana əkdik. Cavidin bu əkindən xəbəri olmayıb. Elnur və Abbas növbətçiliklə marixuanalara nəzarət ediblər. bütün bunlar 2013-cü ilin yaz aylarında olub”.
 
Elmir Alxazov deyib ki, Ramil ona zəng edərək, marixuana ilə bağlı problem olduğunu təcili olaraq Qaladakı evə gəlməyini deyib:
 
"Mən də bunu Abbasa dedim və Abbasın maşını ilə yolüstü Suraxanıdan Fuadı da götürərək, bağa gəldik. Bu zaman Ramilin ağladığını, ortalıqda bir meyit olduğunu gördük. Ramil dedi ki, Elnuru öldürmüşəm. Meyiti görəndə halım pis oldu, digər uşaqlar da pis vəziyyətə düşdü, elə bil şok keçirdik. Abbasın və Fuadın vəziyyəti daha da pis idi. Abbas Fuadı maşını ilə apardı. Sonra mən və Ramil meyiti bağda basdırdıq”.
 
Prokurorun suallarını cavablandıran Elmir Alxazov bildirib ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzgün yazılmayıb. Onun sözlərinə görə, həmin ifadələr işgəncə altında alınıb və imza etməyə məcbur edilib.
 
Elmir Alxazov qeyd edib ki, narkotik vasitəni istifadə etmək üçün əkiblər:
 
“Marixuananı əkəndən bir ay sonra ölüm hadisəsi baş verdi. Buna görə də dibçəklərdə əkdiyimiz marixuana kollarını yandırdıq, yetişdirə bilmədik. Narkotik vasitəni satmaq məqsədimiz olmayıb. Toxumları Fuad xaricdən sifarişlə gətirmişdi. Amma hansı ölkədən gətirdiyini, nə qədər pul verdiyini bilməmişəm”.
 
Elmir Alxazov vəkillərin suallara cavab verərkən digər təqsirləndirilən Ramil Əsirovun Elnur Hümmətovu qətlə yetirməsinin səbəbini deyib:
 
“Ramillə Elnur arasında qız söhbəti olub. Elnur Ramilin tanış olduğu qızla telefonda danışıb. Buna görə də onların arasında söyüş olub. Ramil də onu vurub. Bağ evinin həyətində hazır qazılmış quyu var idi. Meyiti həmin quyuda basdırdıq. Bir ağılsızlıq etmişəm, meyiti basdırmaqda Ramilə köməklik göstərmişəm. Bizim qətli əvvəlcədən planlaşdırmaq fikrimiz olmayıb. Meyiti basdırandan sonra razılaşdıq ki, bu barədə heç kim danışmasın”.
 
Proses iyunun 29-da davam edəcək.
 
Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evində narkotik vasitə əkiblər.
 
Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər. Buna görə də onu qətlə yetiriblər, həmin evin həyətində meyitini basdırıblar.
 
Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.
 
Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib.
 
Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.