Axşam.az əməkdar artist Elza Seyidcahanın Publika.az-a verdiyi müsahibədən bir hissəni təqdim edir:

- “Xalqın şairi” layihəsi demək olar ki, sizin hesabınıza tutdu, bu qədər reklam oldu, söz-söhbəti kəsib-kirimək bilmir...

- Düzü, ARB kanalından zəng vurub məni bu layihəyə münsif kimi dəvət edəndə həmən razılıq vermədim. Qonarar istədim, sonra isə soruşdum ki, digər münsif kimlərdir? Yəni görüm səviyyəli adamlardımı?

- Qulu Ağsəsi tanıyırsınız?

- Qulu Ağsəsi indiyə kimi tanımırdım. Heç adını da eşitməmişdim. İlk dəfə “Xalqın şairi” layihəsində gördüm, tanıdım. Bildim ki, “Ulduz” jurnalının baş redaktorudur, hətta şeirlər də yazır. Qulu Ağsəsin müsabiqədə şeir haqqında fikirlərini çox bəyənirəm. Şeiri yaxşı təhlil edir. Fikirlərimiz də üst-üstə düşür. Hətta mənim fikirlərim Mirzə Ələkbər Sabirlə də üst-üstə düşür.

- Əsas məsələ... “Tikim” şeirinizdən danışaq.

- Bu, çox uzun bir şeirdir. Şeir konkret kiməsə yox, kimlərəsə ünvanlanıb. Çox danışanlara yazılıb. Balaca vaxtı nənəmiz də, müəllimlərimiz də deyirdi ki, çox danışırsınız, neyləyək, ağzınızı tikək?

- “Tikim sizin ağzınızı...” Bu misra insanlarda başqa cür assosasiya yaradıb. Söyüş kimi yozulur.

- Hər bir insan mənim şeirimi öz daxili dünyasına uyğun başa düşüb. Ona görə də şeiri məhz cahillərə həsr etmişəm. Adı da “Cahillərə”dir. İkincisi, kim mənim şeirimi pis mənaya yozursa mən onu məhkəməyə verə bilərəm. Necə yəni, mən tikim sözündə pozğun nəsə demək istəmişəm? Ev tikilir, paltar tikilir... Bəli, ağız da tikilir. Çox danışarsınız, ağzınızı tikərlər! Onda görərsiniz tikmək necə olur.

Axı sən nə ixtiyarla mənə deyirsən ki, Elza tərbiyəsiz söz yazıb. Tərbiyəsiz sənsən ki, şeirimi başqa mənaya yozursan. Bunun fəlsəfəsini də açmışam. Ağızı tikəndə qırxayaq kimi olur. Mən şeirimi yazmışam, arxasında da dururam. Bəs sənin içini niyə qurd yeyir? Niyə paxıllıq edirsən? Nədi-nədi bu ifadəni indiyə kimi sən tapmamısan, Elza tapıb? Uğursuz bəstəkarlar məni dahi bəstəkar etdilər, belə getsə uğursuz şairlər də məni dahi şair edəcəklər.

- Birdən kimsə sizin ağzınızı tikmək istəsə, ona nə deyərdiniz?

- Oğul axtarıram ki, gəlib mənim ağzımı tiksin. Özü də sözü, sənəti ilə tiksin. Mən hamının ağzını öz sənətimlə tikirəm. Bu, sağlam bir rəqabətdir. Bacarırlar, tiksinlər. Mən bacarıram, tikirəm... Fikirimi deyirəmsə, şeirimi yazıramsa, heç kim mənim ağzımı tikə bilməz! Amma mən konkret demişəm ki, tikim sizin ağzınızı.

***

- Bir dəfə Nəsiminin şeirini öz imzanızla paylaşmışdınız. Məqsədiniz nə idi?

- Mən Nəsimidən öyrənirəm. Camaat məni çoz gözəl qəbul edir, sevir də. Amma paxıllığından partlayan bəzi uğursuzlar haqqımda anonim yazırlar, tənqid edirlər, bəyənmirlər. Mən də götürüb Nəsimin şeirin paylaşdım, bilərəkdən imzasını yazmadım. Öz-özümə dedim ki, Nəsimini tərifləyərlərsə, vəssalam, qırağa çəkiləcəm, daha yazmayacam. Yaza bilmirəmsə, insanların niyə əsəbiləri ilə oynayım? İnanın, heç kimə yazılmayan sözlər o gecə Nəsimiyə yazıldı, elə bilirlər mənim şeirimdir. Nəsimiyə ağızlarına gələni yazdılar. O gecə Nəsimidən üzr istədim ki, onun qəbirdə atasını, anasını söydürdüyümə görə məni bağışlasın.

Təsəvvür elə, Nəsimin şeirini oxuyub yazırlar ki, ay nəsimilər, ay bəxtiyarlar, hardasınız, Elza da şeir yazır. (gülür) Bundan sonra düşündüm ki, Nəsimini də söyürlərsə, deməli, mən mütləq yazmalıyam! Elə deyil?